Reklam: High Technic
hightechnic

"Təhsili futbola qurban vermiş kimi görünürük" - Futbolçu yuvasından - FOTOREPORTAJ

Reklam: High Technic

Azərbaycan futbolunun ən bəlalı yeridir uşaq fubolu. Təəssüf ki, bəzi klub rəhbərləri daha çox əsas komandalara  diqqət yetirdiklərindən, aşağı yaş qrupları arxa planda qalır.

Sonradan isə çoxları uşaq futbolunun inkişaf etməməsindən danışır, pafoslu cümlələr səsləndirirlər. Əslində, isə bu sahədə heç bir iş görmədiklərinin fərqində belə deyillər.

Amma “Qəbələ”də belə deyil. Klub rəhbərliyi əsas komandayla yanaşı, aşağı yaş qruplarına da lazımı diqqəti ayrırır. Elə bunun nəticəsidir ki, klubun akademiyasından son vaxtlar Premyer Liqa səviyyəsinə qədər yüksələnlərin sayı artıb.

Futbolçuların bunadək Qəbələ Turizm və Otelçilik üzrə Peşə məktəbinin yataqxanasında məskunlaşdığını nəzərə alsaq, əldə edilən nəticə müsbət dəyərləndirilməlidir. Yəqin ki, peşəkar futbolçu səviyyəsinə çatanların sayı bundan sonra daha da artacaq. Çünki “Qəbələ” Futbol Akademiyası yeni binaya köçür.

Yenicag.az danışan akademiyanın meneceri Nail Kərimov yeni bina ilə bağlı məlumat verib:

“Uzun müddətdir ki, yataqxana binasının tikilməsi üçün rəhbərliyə müraciət ünvanlamışdıq. Bizim şəhər stadionunun boş olan ərazisində inşaata başlanması nəzərdə tutulmuşdu. Lakin “Qəbələ” otelinin otel kimi fəaliyyətini dayandırdığı məlum oldu.  Təklif etdilər ki, həmin otel yenidən təmir olunmaqla akademiyanın yataqxanası kimi istifadəyə verilsin. Bununla da qənaət etmiş olduq. May ayından təmir işləri gedir”.

Maraqlıdır, yataqxanada nələr olacaq?

– 1,2,3 nəfərlik otaqlarda 75 futbolçu yatağı var. Bu binada təşkilatçılıq işlərimiz daha rahat olacaq. Uşaqların məşqə gediş-gəlişləri daha səliqəli formada təşkil olunacaq. Yuxarı mərtəbələri təmiz saxlamaq üçün binanın mənfi 1-ci mərtəbəsində soyunub-geyinmə otaqları, duş kabinaları düzəltmişik.  17 yaşdan aşağı, 11 yaşdan yuxarı olan uşaqlar bizim yataqxanada qalırlar, yenisində də elə olacaq.  Bundan başqa yataqxanada 5 “Playstation”, 4 masa üstü oyunlar üçün, iki bilyard otağı var. Otel 4 mərtəbədir, yataqxana isə 3. Birinci mərtəbədə uşaqlar üçün yataq qoymamışıq. Çünki ora bütün personalın hərəkət etdiyi ərazidir. 2,3,4 -cü mərtəbələrə tərbiyəçi müəllimlər, lazımı işçi heyəti və futboçulardan başqa heç kim qalxmayacaq. Məsələn, valideyn gəlib uşağın otağına gedə bilməyəcək. Hansısa məşqçi “mən ora gedirəm” deyib, gedə bilməz. Ancaq kimin yuxarıda işi varsa, onlar da buraxılacaq. 3 tərbiyəçi müəllim 24 saat yataqxanada yaşayır, hər mərtəbəyə də biri nəzarət edir. Bütün proqramları da onlar tərtib edirlər. Təhlükəsizliyə gəlincə, iki postda mühafizəçimiz var. Bundan başqa hər yer kamera ilə müşahidə olunur.  Proqnazlaşdırırıq ki, yanvar ayının əvvəlində yeni yataqxanaya köçək”.

Görəsən, yataqxananın 75 nəfərlik olması az hesab edilmir ki?

– Əksinə. Kənardan gələn uşaq sayı az olarsa, bizim onları yetişdirmək, onlara baxmaq üçün gücümüz daha da çoxalacaq. Say çox olanda nəzarət etmək də çətinləşir. Həmçinin əsas məqsədlərdən biri də Qəbələnin əhalisindən də futbolçu çıxartmaq olduğuna görə, sayı minimuma endirmək istəyirik. Niyə hamı bu rayondan deyil? Buna görə hətta tənqid də olunuruq ki, kənardan futbolçular gətirilir. Bura böyük vəsait xərclənilir, akademiya digərlərindən fərqlənir. Vəsait xərclənirsə, güc sərf olunursa, deməli,  ən yaxşılarla işləməliyik. Gələcəyi, istedadı olmayan futbolçuya sırf yerlidir deyə, üstünlük vermək olmaz.

– Nail Kərimovun sözlərinə görə, hazırkı vəziyyətdə işi yaxşı qura bilməyiblər: “Səbəbi ondan ibarətdir ki, maddi-texniki baza buna imkan vermir. Məsələn, uşaqların gündəlik dərslə məşğul olmaları üçün hazırkı yataqxanamızdakı şərait bizi tam qane etmir. Düzdü, orada da dərs otaqları var, uşaqlar təhsillə məşğul olurlar. Amma yeni yataqxanada işimizi daha səliqəli görəcəyik. Belə fikirləşirəm ki, mərhələli şəkildə 2 il ərzində futbolla təhsili tam yanaşı qoya biləcəyik. Futbol indi olduğu kimi təhsili üstələməyəcək. Hər hansı məşqi, xaricə səfəri, milli komandanın təlim-məşq toplanışına oyunçu göndərməyi məhz təhsil proqramına görə müəyyənləşdirəcəyik. Beynəlxalq turnirlərə görə, məktəblərdən icazə alınır. Uşaqlar kütləvi şəkildə millilərə cəlb olunurlar. Səfər oyunlarına gedəndə dərs buraxılması  qaçılmazdır. Belə olan halda təhsili futbola qurban vermiş kimi görünürük. Bu bina bizə böyük üstünlük verəcək.

Fikrimiz belədir ki, dərs otaqları həm kompüterlə, həm də bədii ədəbiyyat kitabları ilə təmin olunsun. Məqsədimiz bacardığımız qədər uşaqların orta təhsil səviyyəsini, dünya görüşünü artırmaqdır. Uşaqların şəxsiyyət kimi yetişməsi üçün əlimizdən gələni edəcəyik. Təbii ki, futbolçuları alim edə bilməyəcəyimizin də fərqindəyik. Bunlar yüksək balla ali məktəblərə qəbul olmayacaqlar. Çünki seçdikləri yol nisbətən fərqli yoldur”.

Futbolçularımızın ən böyük problemlərindən biri də əcnəbi dili bilməməsi ilə bağlıdır. Görəsən, bu problemi həll etmək üçün akademiyada hansı işləri görülür?

– Bu barədə çox düşünmüşük. Vaxtı ilə ingilis-dili kursları da təşkil etmişik. Sadəcə, effekt vermədiyi üçün yarımçıq saxlamışıq. Hazırda müəllimlərdən ikisinin ingilis dilini tədris etməsi üçün sertifikatları var. O müəllimlərin sayəsində, uşaqların öz müraciətləri əsasında ingilis dili tədrisini nəzərdə tutmuşuq. Bu yaxınlarda Çexiyanın “Slaviya” klubunda çıxış edən yetirməmiz Fərid Nəbiyev millinin oyununa gələndə, baxıram ki, onun əlində Azərbaycan – İngilis dili lüğəti var. Deyir, bu lüğəti mənə 2 il əvvəl alıb vermişdiniz. Mən də ona cavab olaraq bildirdim ki, o kitabı bu günü gördüyüm üçün almışdım. Almıdşım ki, xaricə üz tutanda hazır olasan. İndi təzə-təzə öyrənməyə başlayır. Peşmandır ki, əcnəbi dili o vaxtdan öyrənməyə başlamayıb”.

EMİN SƏFƏROV, BAKI-QƏBƏLƏ-BAKI

 

www.yenicag.az

2290