Təl-Əviv üçün GƏLƏN SİQNAL – Ərdoğan İsrailə hansı mesajı GÖNDƏRDİ?
“Ərdoğan həm də Türkiyənin İslam aləmində və regionda mövqelərini möhkəmləndirmək üçün İsrailə qarşı sərt mövqe tutdu”.
Bu sözləri Türkiyənin İsraillə bütün əlaqələri kəsməsini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Z. Əlizadə bildirib ki, İsrailin Türkiyə ilə toqquşması istisna edilir:
“Türkiyə ilə İsrailin qüvvələr nisbəti Türkiyənin xeyrinədir. Nüvə silahını istisna etsək, İsrailin Türkiyə qarşısında heç bir şansı yoxdur. İsrail onsuzda dünyadan təcrid olunub, əgər nüvə silahını istifadə etsə, dövlət kimi də, millət kimi də məhv olacaq. Konvensional silahları nəzərə alsaq, Türkiyə ordusu İsraildən qat-qat güclüdür. Yalnız aviasiya sahəsində İsrailin müəyyən üstünlüyü var”.
Onun sözlərinə görə, Ərdoğan İsrailə qarşı sərt addımlar atmasının səbəbi Təl-Əvivin dünyadakı nüfuzunun aşağı düşməsi və ABŞ-dəki siyasi dairələrin İsraili tənqid etməsinə bağlıdır:
“Avropanın dövlət başçılarının çoxu İsrailin siyasətini tənqid edirlər. İctimai rəydə İsrail savaşı uduzur və dünya ictimai rəyi Fələstin xalqının qırılmasına, vətənindən qovulmasına qarşı çıxır. İndi Ərdoğan görür ki, İsrailin Qərbdə, dünyada mövqeləri zəifləyib. Ona görə də Ərdoğan həm də Türkiyənin İslam aləmində və regionda mövqelərini möhkəmləndirmək üçün İsrailə qarşı sərt mövqe tutdu”.
Səxavət Məmməd