“Temu” sifarişləri gömrükdə ilişib: Vətəndaşlar cavabsız qalıb
Son günlər xarici onlayn alış-veriş platforması “Temu” üzərindən edilən sifarişlərin Azərbaycan gömrüyündə uzun müddət saxlanılması ilə bağlı narazılıqlar artmaqdadır.
Yenicag.az xəbər verir ki, vətəndaşlar sifarişlərinin artıq iki həftədən çoxdur gömrükdə qaldığını və heç bir irəliləyiş olmadığını bildirirlər.
Şikayətçilərin sözlərinə görə, problemin səbəbi ilə bağlı nə rəsmi açıqlama verilir, nə də müraciətlərə cavab alınır. Sosial şəbəkələrdə paylaşılan şikayətlərdə deyilir:
“Salam. ‘Temu’ sifarişlərində problem yaşayanlar var? İki həftədir bağlama gömrükdə qalıb, heç bir dəyişiklik yoxdur. Bununla bağlı hara müraciət edək? Əgər çatdırılmırsa, pulumuzu necə geri qaytara bilərik? Zənglərə cavab vermirlər, mesajlara baxmırlar”.
Hazırda vətəndaşlar məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən və müvafiq kuryer şirkətlərindən rəsmi açıqlama gözləyirlər.
Yenicag.az












