Hal-hazırda həm tələbələri, həm də müəllimləri narahat edən məsələlərdən ən önəmlisi rəqəmsallaşmadır. Belə ki, bir çox universitetlərdə “WiFi” xətti və kompüterlər yoxdur. Bəzilərində kompüter olsa belə, tələbələr üçün nəzərdə tutulmayıb.
Bəs bunun səbəbi nədir? Texnologiya əsri olan cəmiyyətdə təhsilimiz niyə rəqəmsallaşmadan ayrı qalıb?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, tələbələr bununla bağlı öz haqlarını tələb etməlidirlər:
“Bu tələbələrin ən təbii haqqıdır. Müasir dövr rəqəmsallaşma və texnologiya dövrüdür. Universitetlər gənclərin arzuladığı təhsili təmin etməlidir. Tələbələr üçün pulsuz internet olmalıdır.
Avropanın nüfuzlu ali təhsil ocaqlarında planşetlər, noutbuklar və internet əlçatandır. Bizdə də kompüter otaqları və rəqəmsal kitabxanalar təmin edilməlidir. Tələbələr sakit dayanmamalıdır. Sonuna qədər öz istəklərini dilə gətirməlidir.
Tələbə yoxdursa, universitet də yoxdur. Tələbələrin arzuları nəzərə alınmasa, inkişaf ola bilməz. Onu da qeyd edim ki, bəzi universitetlərimiz bu sahədə müəyyən addımlar atıb”.
Şahanə Paşa
www.yenicag.az