Texnologiya: qurtuluşumuz yoxsa fəlakətimizdir?
Texnologiyanın sürətli inkişafı hər keçən gün daha da artır. Artıq texnika və texnologiyalar həyatımızın hər sahəsinə nüfuz edib. Ondan yan keçmək mümkün deyil. Mobil texnika kiçik uşaqdan tutmuş, yaşlı insanlaradək hər kəsin işini xeyli asanlaşdırıb. Evdən, işdən, ofisdən ayrılmadan sosial, ticari və s. yönümlü problemlərimizi irəliləyən texnologiya vasitəsilə sürətli və rahat şəkildə həll edə bilərik. Texnologiyaların müsbət tərəflərini saysaq, yəqin ki, siyahını xeyli uzatmaq olar.
“Lakin texnologiya inkişafla bərabər mənfi tərəflərini də özü ilə gətirdi”-desək yanılmarıq. Mənfi amillər daha çox azyaşlılarda özünü göstərir. Xüsusilə valideyn nəzarətindən uzaq olan uşaqlar daha çox mənfi istiqamətə meylli olurlar. Yetkin insanlarda da mənfi halları istisna etmək olmaz. İstənilən halda, texnoloji yeniliklərin mənfi və ya müsbət kimi dəyərləndirilməsi bilavasitə bizlərin istifadəsindən asılıdır.
Yenicag saytı olaraq sosial şəbəkədə sorğu apardıq. “Texnologiyaların nə kimi müsbət və mənfi cəhətləri var?” sualı ilə gənclərə müraciət etdik
Fatimə Kərimli: “Texnologiyanın inkişafının insanları daha da tənbəlləşdirdiyini düşünürəm. Təbii ki, elmin inkişafı bunun sayəsində də texnologiyanın inkişafı, müsbət şeylər də yarada bilər. Məsələn, kainatı kəşf etmək, daha uzaq planetlərə getmək, başqa günəş sistemlərini kəşf etmək və s. həyatımızdakı hər şey kimi texnologiyanın da ondan tamamilə imtina etməyimizə səbəb olacaq mənfiləri və onsuz yaşaya bilməyəcəyimizə səbəb olacaq müsbətləri var.”
Əbilfəz Əzizoğlu: “Müsbət cəhəti odur ki, rahatçılıq, əlçatımlılıq bir sözlə, komfortdur.”
Gülşən Yaqublu: “İşlərin rahatlığı baxımından müsbət dəyərləndirirəm. Mənfi tərəfi isə tərəfdən əl əməyinin azalması dolayından az işçi qüvvəsinin tələb olunmasıdır.”
Qadir Səfərov: “Mən bunu İslami baxımından dəyərləndirsəm deyə bilərəm ki, texnologiyaların sürətli inkişafının yalnız müsbət tərəfi ola bilər. Mənfi tərəfinə gəldikdə isə texnologiyaya insanın yanaşma, istifadə etmə düşüncəsindən aslıdır. Əgər texnologiya görə biləcəyimiz işlərin daha sürətli və keyfiyyətli olmasına xidmət edirsə bu İslam dini baxımından da yalnız müsbət qarşılanar.”
Rüfanə Günəş: “Texnologiyanın sürətli inkişafının müsbət tərəfləri daha çoxdur. Çünki insanları bir çox çətinliklərdən qurtarır. Amma bəziləri texnologiyanı mənfi tərəflərə çəkməyi çox gözəl bacarırlar. Hər insan öz xarakterinə, işinə uyğun istifadə edir. Texnologiyanın necə istifadə etmək bizim özümüzdən asılıdır”
Samir İsayev: “Texnologiyanin inkişafı həyat tərzinin formalaşmasında, işlərimizin rahat getməsində, istədiyimizi rahat əldə etməmizdə müsbət rol oynayır. Ancaq digər tərəfdən yeni texnologiya tənbəlliyə və müəyyən xəstəliklərə gətirib çıxarır”.