Teymur Musayevin Azərbaycan dili “İMTAHAN”I: “Dövlət dilini mükəmməl bilmək onların borcudur” – Tural Abbaslı
“Məmurların vəzifəyə təyinatında xarici dildən öncə dövlət dilini bilmələrinə əhəmiyyət verilməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayevin Operativ Qərargahın bu gün keçirilən brifinqində dövlət dilində çətinliklə danışması və bu məqamın sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
Tural Abbaslı bildirib ki, yüksək vəzifə tutan məmurun Azərbaycan dilində danışması onun borcudur:
“Əgər bir məmur hər hansı xarici dildə mükəmməl danışırsa, amma dövlət dilini o səviyyədə bilmirsə, bu onun qüsurudur. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti digər dilləri daha zəif bilirlər, o zaman məmurlar əhali ilə ünsiyyət qurmaq üçün dövlət dilini yüksək səviyyədə bilməlidirlər.
Dövlət dilində daışmaqda çətinlik çəkmək “yeni nəsil” məmurlarının passivinə yazılır. Zamanında məmurlarımız daha çox rus dilinə üstünlük verirdilər, indikilər isə ingilis dilində danışırlar.
Keçmiş məmurların çoxu evlərində də rusca danışırdılar, lakin – Nəcməddin Sadıkovu çıxmaq şərti ilə – onlar ictimaiyyətin qarşısnda Azərbaycan dilində danışa bilirdilər.
Düşünürəm ki, hər hansı bir məmur yüksək dövlət vəzifəsinə təyin ediləndə, bu amil mütləq nəzərə alınmalıdır. Onların vəzifəyə təyinatında xarici dildən öncə dövlət dilini bilmələrinə əhəmiyyət verilməlidir. Bu, prinsipial məsələdir”.
Səxavət Məmməd