Tiencində Əliyev-Paşinyan GÖRÜŞÜ: Müsbət siqnallar bu dəfə Çindən GƏLDİ
“Vaşinqton görüşündən sonra iki ölkə lideri arasında müsbət atmosfer yaranıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
Politoloq Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri rəsmi görüşü şərh edib.
O, bu yaxınlaşmanın müsbət amillər doğuracağını bildirib:
“Prezident İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü və tərəflərin təmaslara davam etməsi ilə bağlı razılığa gəlməsi əslində gözlənilən bir şeydir. Prinsip etibarilə, Vaşinqton görüşündən sonra tərəflər arasında çox müsbət atmosferin şahidi oluruq. Yeri gəlmişkən, Çindəki görüşdə də ölkə başçıları və xanımlarının çox pozitiv və müsbət siqnalları ehtiva edən fotolarının da şahidi olduq. Bu, tərəflərin artıq isti münasibətlər içərisində olduğu, eyni zamanda danışıqlara sadiqlik ifadə edir. Faktiki olaraq danışıqlar uğurlu davam etməkdədir”.
T. Rzayev Nikol Paşinyanın Ermənistandakı sülh prosesinə etirazçı qüvvələrə görə narahatçılığından bəhs edib:
“Bu gün Ermənistanda müxalifətin etirazları var. Paşinyan bu ehtiyatları görüş zamanı İlham Əliyevə də bildirib. Burada, əslində, Azərbaycanla sülh gündəliyinin gələcəyinə dair tərəflərin atacağı ortaq addımların müzakirələri aparılmış ola bilər. Sülh gündəliyinin gələcəyi və tərəfləri çəkindirəcək məsələlər müzakirə edilib, ortaq məxrəcə gəlinib”.
Nurlan Cəfəri