“Sankt-Peterburq “Beynəlxalq” İqtisadi Forumu Rusiyanın, nəinki dünyadakı, hətta postsovet məkanındakı mövqelərinin də təməlindən laxladığını bir daha təsdiqlədi və “Böyük Avrasiya” blefinin gerçəkliyinə inananların ağlı başında olanlarını xəyal qırıqlığına uğratdı”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq “Beynəlxalq” İqtisadi Forumunda Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayevin qondarma respublikaları tanımayacaqları barədə açıq şəkildə səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli qeyd edib ki, Tokayev qondarma qurumları tanımadıqlarını bəyan etməklə Kremlin iddialarına və nüfuzuna olduqca ağır zərbə vurdu:
“Öncə qeyd edim ki, Foruma Qazaxıstan Prezidentindən başqa heç bir liderin qatılmaması, Rusiyanın hələ də rəsmi olaraq terror təşkilatı hesab etdiyi “Taliban”ın və separatçıların ümidinə qalması, ən azından, sözügedən tədbirin iflası sayıla bilər. Doğrudur, forumda Ermənistanın Prezidenti Vaaqn Xaçaturyan da iştirak edirdi. Lakin Xaçaturyan məlum olduğu kimi, simvolik fiqurdur və Ermənistan parlament tipli respublika olduğu üçün bu ölkənin lideri baş nazir Nikol Paşinyan sayılır.
Əvvəla qeyd edim ki, Simonyanın moderator olaraq təsadüfən seçildiyini düşünmürəm. Bu, Rusiya siyasi elitasının ənənəvi üslubunda bir davranış idi. Kreml başbilənləri, bir qayda olaraq öz “böyüklüklərini” nümayiş etdirmək üçün belə “metodlardan” yararlanmağı xoşlayırlar. Çünki üstünlüklərini nümayiş etdirmək üçün başqa heç nələri yoxdur. Bu baxımdan, siyasi “panel sakini” Simonyanın Tokayevi qıcıqlandırmaq və aşağılamaq üçün “seçildiyinə” zərrə qədər də şübhə etmirəm. Yəqin ki, yaddaşında problem olmayan hər kəs Marqaritanın əri Kesoyanın Qazaxıstan rəhbərlərinin və Qazax xalqının ünvanına səsləndirdiyi aşağılayıcı ifadələri yaxşı xatırlayır. Simonyanın və ərinin əyri sifətlərini bir az da əyərək səsləndirdikləri yarı kinayə, yarı təhqiramiz ifadələr Qazaxıstanda böyük etirazlara səbəb olmuşdu. Əslində, Qasım Cömərd Tokayev də öz çıxışında bu məqamlara dolayısıyla toxundu və Simonyanın nə üçün orada olduğunu yaxşı başa düşdüyünü diqqətə çatdırdı. Xatırladım ki, Putin hakimiyyətə gəldikdən bir müddət sonra eyni davranışı Almaniyanın sabiq kansleri Angela Merkelə münasibətdə də sərgiləmişdi.
Amma Merkeldən fərqli olaraq, Tokayev Simonyan və onun kimilərin nə üçün hürüşdüyünün və konkret panelə moderatorluq etdiyinin fərqində olduğunu ustalıqla dilə gətirməklə “itdən qorxmadığını” rusiyalı həmkarının diqqətinə çatdıra bildi və bununla kifayətlənməyib Abxaziya, Şimali Osetiya, Kosova və Ukrayna ərazisində yaradılan qondarma qurumları tanımadıqlarını bəyan etməklə Kremlin iddialarına və nüfuzuna olduqca ağır zərbə vurdu. Bütün bunları Putinin gözünün içinə baxaraq Rusiyanın bütün siyasi və iqtisadi elitasının iştirak etdiyi tədbirdə dedi.
Rusiya Prezidentinin çıxışı isə, ümumiyyətlə, anlaşılan deyildi. Xüsusilə də “qızıl milyard”la bağlı hissə. Fantastik geosiyasi dedi-qodulardan olan və bütün dünyada qəhqəhə ilə qarşılanan “qızıl milyard” iddiasının Rusiya kimi nəhəng bir dövlətin başçısı tərəfindən təsdiqini tapmış reallıq kimi dilə gətirilməsi, mənə görə, şimal qonşumuzda ciddi arqument çatışmazlığı sindromunun və ideoloji boşluğun yaşandığını sübuta yetirir”.
www.yenicag.az