Tramp “Coca-Cola”nın tərkibini dəyişəcək
Prezident Donald Tramp “Coca-Cola” şirkətinin məhsullarının reseptində dəyişiklik edəcəyini bəyan edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mən “Coca-Cola” ilə ABŞ-da istehsal olunan kola içkisində təbii qamış şəkərindən istifadə olunması barədə danışdım və onlar bunu etməyə razılaşdılar. “Coca-Cola” şirkətindəki bütün məsul şəxslərə təşəkkürümü bildirirəm. Bu, onlar tərəfindən çox yaxşı bir addım olacaq, bunu görəcəksiniz. Belə daha yaxşı olacaq!” – deyə Tramp bildirib.
Qeyd edək ki, “Coca-Cola” şirkətinin şəkərdən imtina edərək tərkibində yüksək fruktoza olan qarğıdalı şərbətinə keçdiyi vaxtdan artıq 41 il keçib. Bu dəyişiklik ABŞ-da Prezident Ronald Reyqan dövründə həyata keçirilən şəkər idxalına kvotaların tətbiq edilməsi nəticəsində daxili bazarda şəkərin qiymətinin kəskin artmasından sonra baş vermişdi.
“Coca-Cola Company” rəsmi açıqlamasında dəyişikliklərin planlaşdırıldığını təsdiqləsə də, əlavə məlumat verməyib.
“Prezident Trampın “Coca-Cola”nın brendinə olan marağını yüksək qiymətləndiririk. “Coca-Cola” məhsul çeşidində təqdim ediləcək yeni innovativ təkliflərlə bağlı ətraflı məlumat yaxın zamanda açıqlanacaq”, – deyə şirkətin bəyanatında bildirilir.
Məlumdur ki, Donald Trampın sevimli içkisi tərkibində süni şəkərəvəzləyici aspartam olan dietik koladır. Prezident şəkillərdə tez-tez dietik kola ilə düşür. 2017-ci ildə “The New York Times” qəzeti yazmışdı ki, Tramp gündə onlarla stəkan dietik kola içir.