Tramp FED rəhbərini "zibil qutusuna atdı": "İqtisadiyyatın düşməni..." - FOTO
ABŞ Prezidenti Donald Tramp ilə Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauell arasındakı “soyuq müharibə” açıq müstəviyə keçib. Trampın son paylaşımı ölkədə siyasi və iqtisadi qalmaqala səbəb olub.
Yenicag.az xəbər verir ki, ABŞ lideri özünə məxsus “Truth Social” platformasında Cerom Pauelli hədəf alan qalmaqallı foto paylaşıb.
Süni intellektlə hazırlanan və Pauellin simvolik olaraq “zibil qutusuna atılmasını” əks etdirən fotonu paylaşan Tramp, iqtisadi siyasəti sərt tənqid edib. O, paylaşımında FED-in faiz qərarlarına işarə edərək kəskin ifadələr işlədib:

“Çox gec. ABŞ üçün bir fəlakət! Faiz dərəcələri çox yüksəkdir!”
Mayın 15-də səlahiyyət müddəti başa çatacaq Cerom Pauellin qurumun İdarə Heyətində qalmaq qərarı Trampı qəzəbləndirib. Prezident bu addımı “qeyri-adi” adlandıraraq rəqibini dolayısı ilə bacarıqsızlıqda ittiham edib: “Bunu təxmin etmişdim. Çünki açıq danışsaq, onu başqa kim işə götürər ki? Ona görə də qalacağını bilirdim. Mənim üçün fərqi yoxdur, qalırsın qalsın”.
Tramp Pauelli ölkə iqtisadiyyatı üçün “mənfi güc” adlandırmaqla kifayətlənməyib. O, maraqlı bir iddia irəli sürərək bildirib ki, FED binasının təmir xərclərinin həddindən artıq yüksək olması onu faiz dərəcələrindən daha çox qəzəbləndirir.
Xatırladaq ki, Cerom Pauell aprelin 29-da keçirdiyi mətbuat konfransında vəzifə müddəti bitdikdən sonra da müəyyən olunmamış müddətə qədər İdarə Heyətinin üzvü kimi qalacağını bəyan etmişdi. Bu qərar Ağ Evlə Mərkəzi Bank arasındakı ipləri tamamilə qoparıb.
Analitiklər Trampın bu çıxışlarını seçki öncəsi iqtisadi məsuliyyəti FED-in üzərinə yıxmaq cəhdi kimi qiymətləndirirlər.
Yenicag.az













