Tramp istəyinə nail oldu: FES-də Paueli o əvəzlədi
ABŞ Konqresinin Senatı Kevin Uorşun Federal Ehtiyat Sisteminin (FES) rəhbəri vəzifəsinə namizədliyini təsdiqləyib.
Yenicag.az xəbər verir ki, qanunverici orqanın yuxarı palatasındakı səsvermənin yayımını “C-SPAN” telekanalı aparıb.
Uorşun namizədliyinin lehinə 54 qanunverici, əleyhinə isə 45 qanunverici səs verib. Uorşun namizədliyinin FES rəhbəri vəzifəsinə təsdiqlənməsi üçün Konqres Senatı üzvlərinin sadə səs çoxluğunun dəstəyi tələb olunurdu. Beləliklə, o bu vəzifədə tənzimləyicinin hazırkı rəhbəri Cerom Paueli əvəz edəcək.
ABŞ Prezidenti Donald Tramp FES-nin hazırkı rəhbərinin ünvanına dəfələrlə kəskin tənqidlərlə çıxış edib və onun işdən çıxarılmasına nail olacağını istisna etməyib. Amerika lideri vurğulayıb ki, onun fikrincə, FES baza faiz dərəcəsini ardıcıl olaraq azaltmalıdır. Trampın iddia etdiyinə görə, FES ABŞ hökuməti üçün borclanma xərclərinin yüksək səviyyədə qalması məqsədilə bunu qəsdən etmirdi. Pauel isə istefaya getmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Onun səlahiyyət müddəti mayın ortalarında başa çatır.
FES 1913-cü ildə konqres tərəfindən federal hökumətin strukturunda müstəqil təşkilat kimi təsis edilib. Rəsmi olaraq FES prezidentə deyil, birbaşa konqresə hesabat verir.













