Tramp yenə də İranı TƏHDİD ETDİ: “Lazım gəlsə, təzədən edərik”
ABŞ Donald Tramp İranın nüvə obyektlərinə edilən hücumların nəticələri ilə bağlı sərt açıqlama verib. Tramp bildirib ki, İranın nüvə obyektləri ABŞ tərəfindən “yox edilib” və zərurət yaranarsa, bu cür hücumlar yenidən həyata keçiriləcək.
Yenicag.az xəbər verir ki, o, bu barədə özünün “Truth” sosial media platformasında yazıb.
“İranın xarici işlər naziri Abbas Ərakçi Tahrandakı nüvə obyektləri barədə ‘Zərər çox ciddi, onlar məhv edildi’ deyib. Əlbəttə ki, elədir! Tam da mənim dediyim kimi. Və lazım olsa, bunu bir daha edərik”, – deyə ABŞ lideri bəyan edib.
Tramp ABŞ mediasını da hədəf alıb. O, CNN-in İranın nüvə obyektlərinə edilən hücumların Tehranın silah istehsal qabiliyyətini tamamilə aradan qaldırmadığına dair yayımladığı xəbərləri təkzib edib:
“CNN saxta xəbərlər yaydığı üçün yalançı “müxbir”ini dərhal işdən çıxarmalı və həm məndən, həm də İranın nüvə obyektlərini məhv edən möhtəşəm pilotlarımızdan üzr istəməlidir”.
Tramp həmçinin CNN və MSNBC kimi televiziya kanallarının “tərəfli yayım” səbəbilə izləyici itirdiyini iddia edib. Digər tərəfdən, İranın xarici işlər naziri Abbas Əraqçi isə “Fox News” telekanalına müsahibəsində nüvə zənginləşdirmə proqramından imtina etməyəcəklərini bildirib:
“Bəli, zənginləşdirmə hazırda dayandırılıb, çünki zərər çox ağırdır. Amma əlbəttə ki, bu proqramdan imtina edə bilmərik. Çünki bu, bizim alimlərimizin uğurudur və bundan da önəmlisi, bu, artıq bir milli qürur məsələsidir”.