Trampın Çin səfəri öncəsi "MÜŞTƏBİH" heyəti açıqlandı: Danışıqlar masasında kimlər əyləşəcək?
ABŞ Prezidenti Donald Trampın 13-15 may tarixlərində Çin Xalq Respublikasına reallaşdıracağı rəsmi səfər zamanı onu müşayiət edəcək 16 nəfərlik nümayəndə heyəti bəlli olub. İlon Mask və Tim Kuk kimi qlobal texnologiya liderlərinin heyətdə yer alması Vaşinqtonun “yumşaq güc” diplomatiyasından istifadə edəcəyinə işarə edir.
Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 13-15 may tarixlərində Çinə reallaşdıracağı tarixi səfər üçün hazırlıqlarını tamamlayıb. Trampın özü ilə aparacağı 16 nəfərlik iş adamı heyəti həm iqtisadi, həm də strateji hədəfləri ilə diqqət çəkir.
Trampın İlon Mask və Tim Kuk kimi texnologiya nəhənglərinə üstünlük verməsinin arxasında bu simaların Çin xalqı və hökuməti üzərindəki sarsılmaz nüfuzu dayanır. Çində bu şəxslər sadəcə iş adamı deyil, bir “kumir” kimi qəbul olunurlar. Məsələn, Maskın 2023-cü ildəki Çin ziyarəti sosial şəbəkələrdə 170 milyon baxış toplamışdı. Tramp bu “yumşaq güc”dən istifadə edərək Çin bazarındakı ABŞ təsirini həm mədəni, həm də iqtisadi baxımdan bərkitməyi hədəfləyir.
Ağ Evin yayımladığı siyahıda ən çox səs-küy yaradan məqam “Nvidia”nın rəhbəri Jensen Huanqın heyətdə yer almamasıdır. Analitiklər hesab edir ki, bu, bir texniki səhv deyil, Pekinlə aparılan ən həssas məsələ olan “çip müharibələri” çərçivəsində atılmış şüurlu addımdır. Vaşinqton çip məsələsində Pekinlə arasına məsafə qoyduğunu bu yolla nümayiş etdirir.
Səfər çərçivəsində Trampı texnologiya, aerokosmik sahə və sənaye nəhənglərinin rəhbərləri müşayiət edəcək. Heyətə daxil olan əsas simalar bunlardır:
Robert Kelli Ortberq – “Boeing” şirkətinin CEO-su, Henri Lourens Kalp – “GE Aerospace”in rəhbəri, Sancay Mehrotra (Micron) və Kristiano Amon (Qualcomm) Yarımkeçirici sektorunun rəhbərləri, Dina Pauell Makkormik – “Meta”nın vitse-prezidenti, Brayan Sayks – “Cargill” korporasiyasının rəhbəri.
Qeyd edək ki, “Cisco”nun rəhbəri Çak Robbins dəvət olunsa da, şirkətin maliyyə hesabatları ilə bağlı səfərdə iştirak edə bilməyəcək.
Ayşən












