Trampın masasındakı “Xamenei dosyası”nda nələr var? – Ata dini lider niyə oğlunun varis olmasını istəmirdi?
ABŞ kəşfiyyat qurumları İranın keçmiş dini lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin özünə varis olmasına ciddi tərəddüdlərlə yanaşdığı barədə məlumatları ABŞ prezidenti Donald Trumpa təqdim edib.
Yenicag.az xəbər verir ki, bu barədə məşhur ərəb qəzeti “Şarkul Avsat” xəbər yayıb. Qəzetin məlumatına görə, Xamenei oğlunun ölkəni idarə etmək bacarığı ilə bağlı şübhəsi olub.. Bəzi müşahidəçilər isə Müctəba Xameneinin qapalı xarakterə malik olduğunu və psixoloji problemlərinin ola biləcəyini iddia ediblər.
İranda yeni dini lider kimi Müctəba Xameneinin atasının yerinə təyin edilməsindən bir həftə keçməsinə baxmayaraq, o hələ də ictimaiyyət qarşısında açıq çıxış etməyib və yalnız yazılı mesaj yayımlayıb. Müşahidəçilər bunu ölkədə real hakimiyyətin əsasən İran İnqilab Keşikçiləri Korpusunun nəzarətində olmasının göstəricisi kimi qiymətləndirirlər. Bildirilir ki, yayılan mesaj hərbi qurumların sərt ritorikasına böyük ölçüdə uyğun gəlir.
Bu arada ABŞ kəşfiyyat qurumları Donald Trump və onun müşavirlərinə təqdim etdikləri hesabatlarda qeyd ediblər ki, Əli Xamenei oğlunun özünə varis olmasına soyuq yanaşırdı.
Kəşfiyyat hesabatlarında həmçinin qeyd olunur ki, Əli Xamenei 56 yaşlı oğlunun şəxsi həyatında müəyyən problemlər olduğunu bilirdi, lakin bu problemlərin mahiyyəti açıqlanmır. Bu vəziyyətin yeni dini liderin sonsuzluq müalicəsi üçün dörd dəfə Birləşmiş Krallığa getməsi ilə bağlı olub-olmadığı isə dəqiq deyil. ABŞ Dövlət Departamentinə aid 2008-ci il tarixli gizli sənədə görə Müctəba Xamenei ailə tərəfindən uşaq sahibi olması üçün təzyiq altında idi və müalicədən sonra ilk övladı dünyaya gəlib.
Donald Trump cümə günü verdiyi müsahibədə Əli Xameneinin oğluna güvənmədiyini açıq şəkildə ifadə edərək, “Atası belə onun lider olmasını istəmirdi” deyib. Trump daha əvvəl də Müctəba Xameneini “zəif” adlandırıb və ABŞ-ın İranda növbəti liderin seçilməsinə müəyyən nəzarət rolunun olması lazım olduğunu bildirib.
Əli Xameneinin oğlunu varis kimi seçməkdən çəkinməsi barədə iddialar isə yeni deyil. Bu müzakirələr onun hakimiyyətin miras yolu ilə ötürülməsinə qarşı olduğu barədə mövqeyi ilə əlaqələndirilirdi. “The New York Times”ın iranlı rəsmilərə istinadən verdiyi xəbərə görə, Xamenei “12 günlük müharibə” zamanı özündən sonra liderlik üçün üç namizəd müəyyən edib, lakin oğlunu bu siyahıya daxil etməmişdi.
Buna baxmayaraq, 88 üzvdən ibarət olan İran Ekspertlər Məclisi Müctəba Xameneini yeni dini lider seçdi. Bildirilir ki, yeni lider təyinatını belə televiziyadan öyrəndiyini deyib. “Reuters” isə İran İnqilab Keşikçiləri Korpusunun seçki prosesində təzyiq göstərdiyini və Ekspertlər Məclisində fikir ayrılıqları olsa da Müctəba Xameneinin namizədliyini qəbul etdirdiyini yazıb.
İran müxalifətində yer alan Həsən Şəriətmədari isə onun ictimaiyyət qarşısına çıxmamasının yalnız nitq qabiliyyətinin zəifliyi ilə izah edilə bilməyəcəyini deyir. “Independent Arabia”ya müsahibəsində Şəriətmədari Müctəba Xameneinin psixoloji problemlər yaşadığını və qapalı xarakterə malik olduğunu iddia edib. Onun sözlərinə görə, Müctəba Xamenei həyatında heç vaxt ictimai çıxış etməyib və açıq tədbirlərdə görünməyib.
Lider sağdırmı?
Atasının öldürüldüyü hücumda yaralandığı təsdiqləndikdən sonra Müctəba Xamenei yazılı mesaj yayımlayıb. Bu mesaj bəzi çevrələr tərəfindən onun öldüyü barədə yayılan iddiaları təkzib etmək və ictimaiyyəti səfərbər etmək cəhdi kimi qiymətləndirilib. Lakin onun hələ də video və ya səsli açıqlama verməməsi yaralarının ağırlığı və ölkəni faktiki olaraq idarə edib-etmədiyi barədə sualları artırır.
İddialardan birinə görə, Müctəba Xamenei yerinin müəyyən edilərək hədəfə alınması riskinə görə ictimaiyyət qarşısına çıxmır. Digər versiyaya görə isə yaraları ağırdır və bu səbəbdən görünmür. Bəzi məlumatlarda ayağının sındığı və üzündə göyərmələr olduğu qeyd edilir. ABŞ müdafiə naziri Pete Hegseth də onun üzündə qalıcı yara izi ola biləcəyini bildirib.
Həm ABŞ, həm də İran rəsmiləri yeni liderin yaralandığını təsdiqləsə də, “CBS News”un məlumatına görə Donald Trump yaxın çevrəsi ilə söhbətlərində Müctəba Xameneinin ölmüş ola biləcəyini də dilə gətirib. O həmçinin “İran hazırda faktiki olaraq liderliksiz qalıb” fikrini səsləndirib.
Ağ Ev isə hazırda ölkədə real nəzarətin böyük ölçüdə İran İnqilab Keşikçiləri Korpusunun əlində olduğu qənaətindədir. Bu vəziyyət 1979-cu ildən bəri ölkəni idarə edən teokratik sistem üçün mühüm dəyişiklik kimi qiymətləndirilir.
Yeni liderin taleyi ilə bağlı müzakirələr davam etdiyi bir vaxtda ABŞ hökuməti Müctəba Xameneinin və daha doqquz yüksək vəzifəli iranlı rəsmilinin yerinin müəyyən edilməsinə kömək edəcək məlumatlar qarşılığında 10 milyon dollara qədər mükafat elan edib.
İsmayıl Yusifoğlu













