Trampın Pekin “təslimiyyəti”: “ABŞ-ın tək qütblü dünya xəyalı Çində dəfn olundu”
“Tramp administrasiyası Çinin supergüc olduğunu etiraf etməli və bu reallıqla hesablaşmalıdır”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib.
Politoloq qeyd edib ki, Tramp komandası bu səfərə müxtəlif sahələrin peşəkarları ilə yollanmaqla, artıq Çinin supergüc olduğunu və müəyyən məsələlərdə onlarla hesablaşmağa məcbur qaldığını nümayiş etdirir:
“Trampın Çinə səfəri kifayət qədər mühüm hadisədir. Hər iki ölkə dünyanın iki əsas supergücü hesab olunur və onlar arasındakı münasibətlərin xarakteri dünyanın ümumi geosiyasi, həmçinin geoiqtisadi vəziyyətinə birbaşa təsir göstərir. Xatırladım ki, Tramp son dəfə 2017-ci ildə Çində səfərdə olmuşdu. Ötən illərlə müqayisədə hazırkı səfər arasında ciddi fərq hiss olunur. Ən azından bugünkü Çin Amerikanın qarşısında tamamilə fərqli obrazda dayanmaqdadır. Doqquz illik müddət Çinin siyasi və iqtisadi simasına ciddi təsir göstərib. Nəzərə almaq lazımdır ki, əvvəlki dönəmdə Tramp tərəfindən Çinə qarşı tarif hücumları, ticarət müharibələri və siyasi təzyiqlər (məsələn, Çinlə İran arasına məsafə qoymaq cəhdləri) həyata keçirilirdi. Lakin bu basqıların heç biri nəticə vermədi; Çin strateji qətiyyət nümayiş etdirdi. İndiki halda Trampın səfəri Çinin qlobal liderliyini qoruyub saxladığını açıq şəkildə üzə çıxardı. Çin lideri öz duruşu və ritorikası ilə bildirdi ki, ölkəsi Amerikanın təzyiqlərinə təslim olmayıb, əksinə, bərabərhüquqlu münasibətlər qurmaq iradəsindədir. Tramp da bunu aydın hiss edir. Onun komandası üçün bu səfər həyati əhəmiyyət daşıyır, çünki ABŞ biznesi Trampdan Çinlə münasibətləri normallaşdırmağı tələb edirdi. Təsadüfi deyil ki, Amerikanın texnoloji nəhəng şirkətlərinin rəhbərləri də bu səfərdə prezidenti müşayiət edir.”
E. Mirbəşiroğlunun fikrincə, Çin dünyanın supergücü olduğunu Amerikaya artıq çoxdan sübut edib:
“Bundan sonra Çinlə ABŞ arasında müasir texnologiyalar sahəsində əməkdaşlığın genişlənəcəyini müşahidə edəcəyik. Dünyanın texnologiya bazarı da Amerika ilə Çin arasındakı münasibətlərin xarakterinə uyğun formalaşacaq. Qısacası, ABŞ Çinin texnoloji nəhəng olduğunu qəbul etmək məcburiyyətindədir. Bunu səfər zamanı aparılan müzakirələrdən və siyasi manevrlərdən aydın görmək olar. Eyni zamanda, Tramp bəzi strateji məqsədlərinə Çin vasitəsilə nail olmaq istəyir. Xüsusilə Hörmüz boğazının normal fəaliyyətinin bərpasında və İran ətrafındakı müzakirələrdə Çinin dəstəyinə ciddi ehtiyac yaranıb. Çin isə öz növbəsində prioritetlərini qətiyyətlə qoruyur. Tayvan məsələsi Çin üçün həmişə ən həssas nöqtə olub və ABŞ-ın bu adaya verdiyi dəstəyin kəsilməsi Pekin üçün olduqca vacibdir. Çin liderinin bu məsələdə ciddi iradə ortaya qoyacağı gözlənilən idi. Digər tərəfdən, noyabr ayında ABŞ-da Konqresə keçiriləcək seçkilər öncəsi Çinlə münasibətlərin vəziyyəti seçki nəticələrinə təsir edən mühüm amilə çevrilə bilər. Tramp artıq Çinə qarşı eqoist davranışlarından imtina etdiyini göstərir və dərk edir ki, Pekini bərabərhüquqlu tərəfdaş kimi qəbul etməlidir. Bu səfər bütün problemləri birdəfəlik həll etməsə də, həm Tramp administrasiyası, həm də dünya üçün həlledici xarakter daşıyır. Reallıq budur ki, Çin artıq özünü dünyanın supergücü kimi aparır və rəqiblərini də bu faktla barışmağa vadar edir.”
Nurlan Cəfəri












