Trampın "Qırmızı düymə" taktikası: Kolumbiyanı necə diz çökdürdü?
“Tramp öz ritorikasından təzyiq üsulu kimi istifadə edir və bu üsul Kolumbiya üçün işə yaradı.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əhməd Əlili bildirib.

O, ABŞ və Kolumbiya liderlərinin görüşü və Trampın bir neçə gün öncəyə qədər Kolumbiya prezidentini təhdid etməsini şərh edərək bu ritorikanın düşmənçilik mesajı yox, təzyiq modeli olduğunu iddia edib:
“ABŞ və Kolumbiya liderlərinin görüşündə bir neçə məqamı nəzərə almaq lazımdır. Əsas məqamlardan biri ondan ibarətdir ki, prezident Trampın sərt ritorikası əvvəlki prezidentlərlə müqayisə olunmamalıdır. Onun sərt ritorikası heç də barışmaz mövqe nümayişi deyil, əksinə, Tramp öz ritorikasını təzyiq aləti kimi istifadə edir. Ona görə də, qısa müddət sonra fikrini dəyişsə belə öz auditoriyasına izah edə bilir ki, prezident sərt mövqe göstərdikdən sonra onunla danışığa gəldilər. Tramp öncəki illərdə eyni ritorikanı həm Ş. Koreya ilə münasibətlərdə göstərib, Rusiya və digər ölkələrə də. Bunun ən məşhur misalı ondan ibarə onun Ş. Koreya prezidenti ilə danışıq zamanı masada qırmızı düyməni göstərərək bu ölkədə nüvə arsenalına işarət göstərməsini misal çəkmək olar. Prezident bununla demək istəyirdi ki, mənim masamda da qırmızı düymə var amma o düymə qat-qat böyükdür və daha çox işlər görə bilər. Gördüyünüz kimi prezident Trampın həmişə təhdid üsulu olaraq sərt ritorikadan istifadə etməsi siyasi təzyiq alətidir.”
Politoloq ABŞ – Kolumbiya münasibətlərinin regionda vacibliyindən bəhs edib:
“ABŞ və Kolumbiya arasında bir sıra məsələlərdə razılığın əldə olunmasına ciddi ehtiyac vardı. Tramp neft qiymətlərini aşağı saxlamaq istəyir, ona görə də, bu və ya digər formada hər hansı bir konflikt neft qiymətlərinə təsir göstərə bilərsə çalışır ki, məsələni nəzarətdə saxlasın. Biz yaxın keçmişdə İranla bağlı da oxşar məsələləri gördük. Tramp daxili auditoriyaya mesaj verməyə çalışır ki, o dəyişmədi, zəiflik göstərmədi, təzyiq etdi və işə yaradı. O sərt liderdir və dünya liderləri ilə necə danışmaq lazım olduğunu bilir və s. Hesab edirəm ki, cəmiyyətə bu cür mesajlar vermək Trampın ənənəvi davranış modelidir.”
Nurlan Cəfəri












