Trampın Rusiya ilə "masa" planı: Müharibə bitir, yoxsa böyük bazarlıq başlayır? — ANALİZ
“Tramp Rusiya ilə olan ixtilafları hərbi qarşıdurma müstəvisində deyil, məhz diplomatiya masasında həll etmək niyyətindədir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Bakir Həsənbəyli bildirib.

Politoloq ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna liderlərinə qarşı yürütdüyü siyasi xətti analiz edib:
“Trampın Ukrayna dövlət başçısına münasibətinin birmənalı olmaması hələ prezidentliyə namizəd olduğu dövrlərdən özünü büruzə verirdi. Hətta ABŞ prezidentinin oğlunun Ukrayna lideri barəsində işlətdiyi ifadələr diplomatik etiketdən uzaq idi. Xatırladaq ki, Tramp və oğlu vaxtilə Zelenskini açıq şəkildə “dəllallıqda” ittiham etmişdilər. Sözsüz ki, hakimiyyət dəyişikliyindən sonra da bu münasibətlərdə hər hansı müsbətə doğru kəskin dönüş müşahidə olunmadı.
Bu reaksiyalar təsadüfi xarakter daşımır. Bayden administrasiyasından fərqli olaraq, Tramp Amerikanın üzərindəki maliyyə yükünü azaltmağa çalışır. Ukrayna müharibəsi isə ABŞ büdcəsi üçün ciddi xərc bəndidir. Trampın yeni dünya düzənindəki əsas hədəflərindən biri təkqütblü dünyada Vaşinqtonun “çətiri” altında olan dövlətlərə çəkilən maliyyə xərclərinin dayandırılması idi. Nəzərə almaq lazımdır ki, ABŞ Avropa və Asiya ölkələrinin təhlükəsizlik təminatı üçün hər il təxminən 3.5 trilyon dollar borclanır. Bu, ölkə iqtisadiyyatı üçün ağır yük hesab olunur.
Tramp hakimiyyətə gəldikdən sonra bu yükün aradan qaldırılması istiqamətində konkret addımlar atdı. Ukraynaya silah tədarükünə gəldikdə isə, o, Baydenin tətbiq etdiyi “pulsuz yardım” modelindən imtina etdi. Bunun əvəzinə silahların Avropaya satılması və oradan Ukraynaya ötürülməsini təmin edən mexanizmə üstünlük verdi. Nəticə etibarilə, Tramp əvvəllər pulsuz verilən silahları Avropaya satmaqla həm Ukraynanın təchizatını davam etdirdi, həm də ABŞ büdcəsinə gəlir gətirdi”.
Ekspert qeyd edib ki, Rusiya ilə münasibətlərdə rəsmi Vaşinqton birbaşa toqquşmadansa, problemlərin diplomatiya yolu ilə nizamlanmasını daha məqsədəuyğun sayır:
“Trampın Rusiya ilə bağlı ehtiyatlı davranmasını “çəkinmək” kimi qiymətləndirmək absurddur. O, sadəcə anlayır ki, hər hansı “isti münaqişə” həm hərbi, həm də maliyyə baxımından fəlakətli itkilərə yol aça bilər. Biz bənzər yanaşmanı ABŞ-İran gərginliyində də müşahidə etdik. Bu baxımdan, iki böyük nüvə dövlətinin problemləri masa arxasında həll etməsi ən rasional yoldur. Bu strategiya təkcə Rusiyaya deyil, Çinə qarşı da tətbiq olunur. Düşünürəm ki, qlobal miqyasda nəhəng güclərin diplomatik müstəvidə ortaq məxrəcə gəlməsi dünya nizamı üçün daha effektivdir”.
Nurlan Cəfəri













