Trampın seçki öncəsi "İran çıxmazı": Vaşinqtonun təlaşlı razılaşma cəhdləri – TƏHLİL
“Trampa İranla tez-tələsik razılaşma hava-su kimi lazımdır”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Politoloq Amerikanın İrana qarşı son günlər aktivləşən hərbi əməliyyatlarını seçki öncəsi təzyiq vasitəsi kimi qiymətləndirib:
“Amerikanın İranı işğal etmək üçün apardığı hərbi əməliyyatlar fiaskoya uğradı. Bu işğalçılıq siyasətinə qarşı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq İranın özünü müdafiə hüququ var və Tehran bundan maksimum istifadə edir. Hörmüz boğazındakı gərginlik də məhz bununla bağlıdır. ABŞ müttəfiqlərinin bu boğazdan keçən neft tankerlərinin qarşısının kəsilməsi, dolayısı ilə Amerikaya təzyiq vasitəsidir. Boğazın bağlanması dünyada iqtisadi xaos yaradıb və bu vəziyyət dünya dövlətlərini narazı salıb. Hazırda dünyada enerji böhranı hökm sürür, qlobal enerji daşıyıcılarının 20-25%-i məhz bu boğazdan keçir. Boğazda yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi təhdiddir. ABŞ İrana təzyiq edərək hansısa sənədə imza atdırmağa və boğazı nəzarətə götürməyə çalışır. Vaşinqton bunu sanksiya adı altında həyata keçirməyə cəhd edir. ABŞ boğazı nəzarətə götürərsə, dünyanın iqtisadi sisteminə birbaşa təsir imkanlarına sahib olacaq. Trampın son əməliyyatlara görə ölkədəki reytinqi 30%-ə qədər enib, Senatda dinləmələr keçirilir. Demokratlar Partiyası onu ciddi tənqid hədəfinə çevirib. Qarşıdan gələn seçkilərdə məğlub olarsa, Tramp üçün impiçment məsələsi gündəmə gələ bilər. Bu baxımdan, ABŞ prezidenti İrana qarşı hansısa uğur qazanıb, bunu daxili auditoriyaya ‘Amerikanın qələbəsi’ kimi təqdim etməyə çalışır”.
Politoloq qeyd edib ki, hazırda ABŞ seçki öncəsi razılıq əldə etməyə, İran isə danışıqları məqsədli şəkildə yubatmağa çalışır:
“Qlobal hərbi əməliyyatların başlanması dünyada yeni iqtisadi və hərbi böhrana gətirib çıxara bilər ki, bu da ABŞ-ni beynəlxalq aləmdə nüfuzdan salacaq. Yaranmış vəziyyətdən çıxmaq üçün Tramp üçün dialoq çox vacibdir; İranla hər hansı sənədin imzalanması ona hava-su kimi lazımdır. İran tərəfi isə yaranmış fürsətdən məharətlə istifadə edir. Tehran Amerikada Trampa qarşı olan daxili siyasi münasibəti və beynəlxalq təzyiqləri gözəl anlayır, buna görə də öz zərərinə ola biləcək hər hansı sənədə imza atmamaqda israrlıdır. İran hazırda danışıqların beynəlxalq hüquq müstəvisində aparılmasını təmin etməyə çalışır. Çünki bu müstəvidə danışıqlar Tehran üçün daha sərfəlidir. Hazırda danışıqlar dalana dirəndiyi üçün Trampın İrana qarşı lokal əməliyyat perspektivi yalnız təzyiq vasitəsidir”.
Nurlan Cəfəri













