Trampın "yumşaq" mesajının arxasındakı TƏHLÜKƏ: "12 günlük müharibə" ssenarisi təkrarlanır?
“İran hakimiyyətinin geri addım atmaması bu ssenarini daha da gücləndirir”
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.

Politoloq bildirib ki, ABŞ Prezidenti Donald Trampın “İranda edamlar dayandırılıb” açıqlaması Vaşinqtonun hərbi müdaxilədən geri çəkildiyi təəssüratını yarada bilər:
“Xüsusilə onun daha əvvəl edamların davam edəcəyi təqdirdə hücum ediləcəyi ilə bağlı xəbərdarlıqları fonunda bu bəyanat ritorikanın yumşaldılması təsiri bağışlayır. Lakin əvvəlki təcrübə göstərir ki, Tramp hücumdan öncə tez-tez bu cür yumşaq mesajlar verir.
12 günlük müharibə zamanı da oxşar ssenari müşahidə olunmuşdu. Ritorika dəyişmiş, ardınca isə zərbələr endirilmişdi. Bu səbəbdən hazırkı açıqlamaların da mümkün hücumun gözlənilməzliyini təmin etməyə yönəlmiş taktiki addım olduğu istisna edilmir. Mövcud proseslər Trampın sözlərindən daha fərqli bir mənzərə yaradır.
ABŞ-nin Qətərdəki “Əl-Udeyd” bazasında boşaltma aparması, Avropa ölkələrinin İrandakı vətəndaşlarını təxliyəyə çağırması, aviaşirkətlərin uçuşları dayandırması və beynəlxalq medianın yaxın saatlarda müdaxilə ehtimalını qabartması hərbi variantın gündəmdə olduğunu göstərir. İran hakimiyyətinin geri addım atmaması isə bu ssenarini daha da gücləndirir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












