“Əllərini də kəssən, başqa hansı yol da tətbiq etsən, yenə də alacaqlar”.
Bunu keçirilən sosial sorğuda iştirak edənlərin bir çoxunun korrupsiyadan şikayətlənməsinə münasibətini bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, korrupsiya ilə mübarizədə prezident İlham Əliyev çox ciddi qərarlar qəbul edərək bir sıra addımlar atıb:
“Bizim məmur təbəqəsi korrupsiyaya öyrənib. Verən-alan bilinmir, nə də qəbullanılmır. Əllərini də kəssən, başqa hansı yol da tətbiq etsən, yenə də alacaqlar. Yeni qanunlar qəbul edilməli, şəffaflıq tam təmin olunmalıdır.
Bu gün məmur təbəqəsinin çox hissəsi ictimai rəyi nəzərə almır. Necə istəyirlərsə, o cür hərəkət edirlər. Bunlar hamısı bəlli məsələlərdir. Ancaq korrupsiyaya qarşı ciddi mübarizə var. Nə qədər icra başçıları tutuldu. Səlim Müslümovun məhkəməsi indiyə qədər davam edir. Digər vəzifəlilərin də bir çoxunun postundan uzaqlaşdırılmasının səbəbi məhz korrupsiyadır.
Korrupsiyaya qarşı hər kəs bir olub mübarizə aparmalıdır. Qanunsuz pul tələb edənə bir qəpik də verilməməlidir. Qanunu öyrənərək pul istəyən məmuru susdurmağı hər kəs öyrənməlidir. Xalqımızın birliyi sayəsində bu kimi mənfi halları aradan qaldıra bilərik.
Korrupsiya ilə məşğul olan şəxs ifşa olunmalı, adı ictimailəşdirilməlidir. Rüşvət alan şəxsi, ətrafını qınaq obyektinə çevirmək lazımdır. Burada isə medianın köməyinə böyük ehtiyac var”.
Nəsimi Ələsgərli
www.yenicag.az