Tural Gəncəliyev: “Paşinyan sadəcə gecikmiş bir həqiqəti dilə gətirir”
“Paşinyanın fikirlərini 2018-dən sonra dəyişən məhz güclü Azərbaycandır!”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat, Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Azərbaycanla sərhəd bölgələrinə ziyarəti zamanı səsləndirdiyi “Qarabağ heç vaxt Ermənistanın olmayıb” etirafını müsbət qiymətləndirib:
“Paşinyan müxtəlif vaxtlarda Azərbaycan haqqında fərqli fikirlər səsləndirib. Lakin bu gün sərhəddə keçirdiyi görüşdə ‘Qarabağ heç vaxt Ermənistanın olmayıb’ deyərək etdiyi açıq etirafı təəccüblə qarşılamıram. Birincisi, Paşinyan haqlıdır; Qarabağ nə beynəlxalq hüquq, nə tarixi, nə də siyasi baxımdan heç vaxt Ermənistanın olmayıb. Sadəcə, Ermənistanın əvvəlki liderlərindən heç biri bunu açıq şəkildə ifadə etməyə cürət etmirdi. Paşinyan isə bunu ilk dəfə dilə gətirir. İş orasındadır ki, Qarabağ işğal altında olanda belə, Paşinyandan əvvəlki separatçı rəhbərlik Qarabağı Ermənistan ərazisi kimi tanımağa cəsarət edə bilmirdi. Çünki onlar Qarabağın Azərbaycan torpağı olduğunu və bu işğalın daimi çəkməyəcəyini çox yaxşı anlayırdılar. Lakin məkrli siyasətlərinə aldanaraq xalqı da öz arxalarınca fəlakətə sürükləyirdilər. Paşinyanın bu gerçəkliyi indi açıq bəyan etməsi, təbii ki, önəmli bir addımdır və sülh prosesinə xidmət edir.”
Deputat vurğulayıb ki, Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlişindən sonra baxış bucağını dəyişən əsas amil məhz güclü Azərbaycandır:
“Biz bunu təqdir edirik, lakin qeyd etmək lazımdır ki, nə Paşinyanın bu bəyanatları, nə də İrəvan rəsmilərinin bənzər sülh çağırışları sadəcə xoş niyyətin məhsulu deyil. Bu, birbaşa Azərbaycan ordusunun və Azərbaycan Prezidentinin “Dəmir Yumruğ”-unun nəticəsidir. Xatırlayaq ki, 2018-ci ildə Paşinyan hakimiyyətə gələndə tamamilə fərqli ritorika ilə çıxış edirdi. Əgər Azərbaycan dövləti, ordusu və xalqı bu qədər güclü olmasaydı, Paşinyan bu gün həmin ifadələri işlətməyə məcbur qalmazdı. Digər tərəfdən, onun bu etirafları sülhə doğru atılan mühüm addımlardır.”
Nurlan Cəfəri













