Türk dünyası XXI əsrin yeni güc mərkəzinə çevrilir - RƏY

media-hightechnic-468x90

“XXI əsrin beynəlxalq iqtisadi sistemində regional əməkdaşlıq formatlarının rolu sürətlə artır. Bu mənada Türk Dövlətləri Təşkilatı (TDT) təkcə mədəni və tarixi köklərə əsaslanan birlik deyil, həm də geniş iqtisadi potensiala, strateji resurslara və əlverişli nəqliyyat-coğrafi mövqeyə sahib güclü iqtisadi platformadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O bildirib ki, Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq ideyası XX əsrin sonlarından formalaşmağa başlayıb:

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk dünyası həm təbii sərvətlərə, həm intellektual potensiala, həm də siyasi iradəyə malik vahid məkandır. Məhz bu iradənin nəticəsində son illərdə TDT çərçivəsində iqtisadi inteqrasiya dərinləşir, üzv dövlətlər arasında qarşılıqlı asılılıq və fayda prinsipi üzərində yeni əməkdaşlıq modeli formalaşır. 1992-ci ildə Ankarada keçirilmiş ilk Zirvə görüşü bu baxımdan mühüm dönüş nöqtəsi oldu. O zaman əsas məqsəd ortaq iqtisadi məkanın təməlini qoymaq, enerji və ticarət sahələrində əlaqələri genişləndirmək idi. 2009-cu ildə Naxçıvan Sazişinin imzalanması ilə Türk Şurası təsis olundu və iqtisadi əməkdaşlıq artıq institusional çərçivəyə keçdi”.

Deputatın sözlərinə görə, sonrakı illərdə qəbul edilən Türk Dünyası 2040 Vizyonu, eləcə də TDT-nin 2022–2026-cı illər üzrə Fəaliyyət Strategiyası təşkilatın iqtisadi prioritetlərini müəyyənləşdirib:

“Bu sənədlərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələrinin inkişafı, rəqəmsal iqtisadiyyat və yaşıl enerji kimi istiqamətlər ön plana çəkilib. Azərbaycan TDT çərçivəsində iqtisadi inteqrasiyanın əsas aparıcı qüvvələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz təkcə enerji ixracatçısı deyil, regionda nəqliyyat, logistika və investisiya qovşağına çevrilib. “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəhəng layihələr yalnız Azərbaycanın deyil, həm də Türk dünyasının inteqrasiya proseslərinin mühüm dayağına çevrilmişdir. Bu layihələr sayəsində Qazaxıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrinin enerji və ticarət yükləri Xəzər vasitəsilə Azərbaycan üzərindən dünya bazarlarına çıxarılır”.

media-screenshot_60

Şahin Seyidzadə vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Orta Dəhliz layihəsi bu gün TDT ölkələri arasında iqtisadi əlaqələrin “əsas arteriyası” rolunu oynayır:

“Bu dəhliz Çindən Avropaya qədər uzanan strateji marşrutdur və getdikcə dünya ticarətinin əsas istiqamətlərindən birinə çevrilir. Bu, Türk dövlətlərinin iqtisadi müstəqilliyini və beynəlxalq bazarlara çıxış imkanlarını artırır. İqtisadi inteqrasiyanın əsas sütunlarından biri məhz nəqliyyat-logistika əməkdaşlığıdır. TDT çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətində mühüm addımlar atılır. 2023-cü ildə qəbul edilən “Orta Dəhliz üzrə Yol Xəritəsi” çərçivəsində gömrük prosedurlarının sadələşdirilməsi, vahid tarif siyasətinin formalaşdırılması, rəqəmsal nəqliyyat sistemlərinin tətbiqi nəzərdə tutulur. Azərbaycan bu sahədə həm texnoloji, həm də infrastruktur baxımından aparıcı mövqedədir. Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Limanı TDT ölkələri üçün Avropa bazarlarına ən qısa çıxış imkanı yaradır”.

Millət vəkili əlavə edib ki, dünya iqtisadiyyatı getdikcə daha çox “yaşıl keçid” konsepsiyasına əsaslanır:

“Türk dövlətləri də bu tendensiya ilə ayaqlaşır. Azərbaycanın təşəbbüsü ilə “Yaşıl enerji məkanı” anlayışı TDT gündəliyinə daxil edilib. Xüsusilə Qarabağ və Zəngəzur bölgələrinin “yaşıl enerji zonası” elan edilməsi türk dövlətləri üçün nümunə rolunu oynayır. Qazaxıstanın külək və günəş potensialı, Türkmənistanın təbii qaz ehtiyatları, Qırğızıstan və Azərbaycanın hidroenerji resursları birgə istifadə olunarsa, türk ölkələri enerji baxımından müstəqil və sabit məkana çevrilə bilər. Bu istiqamətdə “Türk Yaşıl Enerji Şurası”nın yaradılması ideyası da gündəmdədir. Türk Dövlətləri Təşkilatı artıq sadəcə regional qurum deyil, Avrasiya iqtisadi məkanında qlobal təsir imkanına malik strateji aktordur. Gələcəkdə təşkilat çərçivəsində vahid bazar, ortaq gömrük siyasəti, enerji birliyi və rəqəmsal vahid məkan kimi təşəbbüslərin həyata keçirilməsi gözlənilir. TDT çərçivəsində iqtisadi inteqrasiya prosesi Türk dünyasını XXI əsrin yeni güc mərkəzinə çevirmək yolunda ən mühüm addımlardan biridir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa