Türkiyənin idman naziri Avropa Oyunlarından danışdı
“Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edir və buna görə onları təbrik edirəm. Bakıda keçiriləcək oyunlarda 23 idman növü üzrə ümumilikdə 192 idmançıyla iştirak edəcəyik”.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu Türkiyə idman naziri Suat Kılıç qatıldığı tv proqramlarından birində söyləyib. Nazir bildirib ki, yarışların açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək:
“Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə səfəri zamanı baş tutan görüşlərdə prezidentimizin açılış mərasimində iştirakını rəsmi olaraq bildirdik. Artıq idmançı qardaşlarımızın müvəffəqiyyətləri üçün biz də onlarla birlikdə olacağıq. Burada bizim yaxşı bir nəticə əldə edəcəyimizi düşünürəm. Fərqli idman növləri üzrə çox yaxşı idmançılarımız var”.
Türkiyə idman naziri I Avropa Oyunlarının həm Bakı üçün, həm də bütün iştirakçılar üçün yaxşı keçəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu yarışlar Türkiyə üçün gələcək illərdəki müsabiqələr üçün də yaxşı bir imkan yaradacaq.