“Türkiyənin Suriya siyasəti Bəşər Əsədin də Müəmmar Qəzzafi kimi bir həftə ərzində hakimiyyətdən gedəcəyi gözləntisinə əsaslanırdı. Vladimir Putin də eyni səhvi Ukraynada etdi. İndi Putin Əsəd və Ərdoğanı bir araya gətirməyə çalışarkən, Ərdoğan NATO-nu və Vladimir Zelenskini Putinlə barışdırmağa çalışır”.
Bu sözləri Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.
Analitik Fərat çayının şimalında mövqelənmiş YPG/SDQ/PYD terror təşkilatlarının qondarma “dövlətləşmə” üçün avqustda yeni “bələdiyyə seçkiləri” keçirməyə hazırlaşması ilə bağlı yayılan informasiyaları şərh edib.
H. Oktayın fikrincə, Türkiyə Suriya siyasətində əvvəldən ciddi dəyişikliklər etməli olub:
“İlk növbədə, Ərdoğan administrasiyası Əsəd hakimiyyətdən gedəndən sonrakı dövr üçün Suriyada yeni sistem qurmağa çalışdı. Bu olmadıqda isə Türkiyə Prezidenti indi Putinin dəstəyi ilə Əsədlə görüşmək istədiyini bəyan edib. Bununla belə, Suriyada müxalif qüvvələrin Əsədə qarşı apardığı silahlı mübarizədə ciddi şəkildə nəzarətsiz ərazilər yaranıb. Bu ərazini dolduran terrorçu qruplar isə (YPG/SDQ/PYD) beynəlxalq sistemin dəstəyi ilə müstəqil dövlət yaratmaq arzusunda idilər”.
Onun sözlərinə görə, əslində, Əsəd Türkiyəyə qarşı bu qruplaşmaları gizli şəkildə dəstəkləmək istəyirdi və bu boşluğu davam etdirmək üçün fəaliyyətlər həyata keçirirdi:
“Bu məqamda nə Türkiyəyə, nə də Suriyaya fayda verməyəcək bu mövqe istər-istəməz Əsəd və Ərdoğanı bir araya gəlməyə sövq edir. Bundan əlavə, oktyabrın 7-də İran və Rusiyanın dəstəklədiyi HƏMAS-ın İsrailə hücumundan sonra bölgədə baş verən hadisələr Türkiyəni ciddi şəkildə narahat edir. İsrail Türkiyə HƏMAS-a dəstəyini açıqladıqdan sonra PYD/PKK terror təşkilatlarını əvvəlcə gizli, sonra açıq şəkildə dəstəkləyərək, Türkiyəyə qarşı tarazlıq yaratmağa çalışır”.
Mütəxəssis onu da xatırladıb ki, oktyabrın 7-dən sonra İraqın şimalındakı türk forpostlarına qarşı iki ciddi hücum həyata keçirilib:
“Ümumilikdə 20 şəhid verən Türkiyə qarnizonu bu hadisənin arxasında İsrailin olduğunu bilsə də, o qədər də ciddi reaksiya vermədi. Buna baxmayaraq, Türkiyənin HƏMAS-la bağlı İsrailə qarşı milli mübarizə apardığını deməsindən sonra İsrail YPG-nin bölgədə “seçki” keçirməsini sürətləndirib. Türkiyə İsraildən gələn bu “kart”a cavab olaraq, Ərdoğan Əsədlə görüşərək YPG-nin “seçki” hərəkətinin qarşısını almağa çalışacaq”.
“Növbəti dövrdə İsrail Livanda “Hizbullah”a qarşı əməliyyat keçirdikdən sonra Türkiyənin cənubda sərhədlərini təhdid edən istənilən terror təşkilatına qarşı əməliyyat keçirmək hüququ beynəlxalq hüquqa uyğun olaraq reallaşacaq. Türkiyə qısa müddətdə PKK/YPG kimi terror təşkilatlarının “seçki” strategiyasından usansa da, orta və uzunmüddətli perspektivdə terror ünsürlərinin hər hansı hüquqi formalaşma həyata keçirməsi mümkünsüzdür”, – deyə o əlavə edib.
KAFKASSAM sədri əmindir ki, İsrail-HƏMAS və İsrail-“Hizbullah” qarşıdurmaları Təl-Əviv administrasiyasına ölkəsini qorumaq üçün hüquqi əsas verdiyi kimi, Türkiyənin də cənubunda terrorçu ünsürlərə qarşı əməliyyatlar keçirmək hüququ var. Ərdoğanın Əsədlə görüşü onu Suriya siyasətində sıfırdan yeni axtarışlar axtarmağa vadar edə bilər, lakin son nəticədə, Suriyanın ərazi bütövlüyü və suverenliyi Türkiyə üçün son dərəcə əhəmiyyətlidir. Eyni zamanda, Türkiyədə sayı 10 milyon olan suriyalı qaçqınların daxili asayişi pozma potensialına malik olması Ərdoğan-Əsəd görüşündə onların ölkələrinə ən qısa zamanda təhlükəsiz qayıtmaları üçün infrastrukturun yaradılması istiqamətində mühüm məsələləri özündə ehtiva edir”.
Rafi Müslümov
www.yenicag.az