Ukrayna ilə Rusiya 9-cu dəfə əsir mübadiləsi həyata keçirdi
İyulun 23-də Ukrayna və Rusiya arasında əsir mübadiləsinin növbəti mərhələsi keçirilib. Bu, İstanbulda əvvəlki razılaşmalar çərçivəsində doqquzuncu mübadilədir.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında məlumat verib.
Zelenski yazıb: “Bu gün İstanbulda razılaşdırılan əsir mübadiləsinin 9-cu mərhələsi baş tutub”.
Prezidentin sözlərinə görə, ağır xəstə və yaralı müdafiəçilər evlərinə qayıdırlar.
“Bu gün geri qayıdan əsgərlər cəbhənin müxtəlif istiqamətlərində Ukraynanı müdafiə ediblər. Əhəmiyyətli hissəsi üç ildən artıq əsirlikdə olub. Hər kəs lazımi dəstək və tibbi yardım alacaq”, deyə Prezident bildirib.
Xatırladaq ki, bu ilin mayında İstanbulda keçirilən danışıqların birinci raundunda Ukrayna və Rusiya “1000-ə 1000” formatında genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəlib./Azertag/