“Azərbaycan və Rusiya arasında münasibətlər mehriban qonşuluq siyasətinə əsaslanır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Siyasi təhlilçi Ukrayna müharibəsi fonunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə bağlı yayılan informasiyalara toxunub.
İ.Hüseynova görə, eyni zamanda, 2 il öncə Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə bu gün münasibətlərin əsas göstəricisi və istiqamətverici sənədidir:
“Siyasi-iqtisadi, enerji, nəqliyyat, mədəni-humanitar münasibətlər də əsas etibarilə, 2 il öncə imzalanmış fundamental sənəd əsasında qurulmaqdadır. Əlbəttə ki, təhlükəsizlik meylləri bir qədər dəyişib, geosiyasi vəziyyət də dəyişməkdədir, Rusiya-Ukrayna müharibəsi də bunu göstərir. Eyni zamanda, qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya liderləri arasında da çox sıx, mehriban münasibətlər var. Demək olar ki, hər ay müxtəlif tədbirlərdə liderlər görüşürlər, qarşılaşırlar, tərəflər arasında dialoq həyata keçirilməkdədir ki, bu da çox müsbət göstəricidir”.
“Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsində dəyişən vəziyyət və Ukraynanın Kursk vilayətinə hücum etməsi, əlbəttə ki, bütün dünyanın diqqət mərkəzindədir. Analitiklər bunu ciddi surətdə təhlil edirlər, lakin Putinin Azərbaycana səfəri əvvəlki dövrdə də anons edilmişdi, bu barədə müxtəlif məlumatlar yayılmışdı. Bu səfəri Rusiya-Ukrayna müharibəsində dəyişən vəziyyətlə əlaqələndirmək bir qədər doğru deyil, amma səfər, əlbəttə ki, böyük əhəmiyyətə, malikdir və görüş əsnasında da çox mühüm dövlətlərarası sənədlər imzalanacaq”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az