!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna müharibəsinin dünyanın siyasi xəritəsinə mümkün TƏSİRLƏRİ - Müstəqil siyasət yürüdən ölkələrin QAZANCI

!Reklam – Yazi

Ukrayna müharibəsinin dünyanın siyasi xəritəsinə mümkün təsirləri

Rusiya Federasiyası Sovet Sosialist Respublikalar İttifaqının (SSRİ) dağılmasından sonra ən böyük çətinliklə üzləşib. Ukraynaya hücum edən bu ölkə Qərb ölkələri, xüsusilə də Amerika Birləşmiş Ştatları və Böyük Britaniya ilə üz-üzə qalıb. Əslində, bu gün Ukrayna torpaqlarında Rusiya ilə Qərb ölkələrini ətrafında birləşdirmiş ABŞ arasında dünyanın yenidən bölüşdürülməsi və ya təsir altına alması üstündə müharibə gedir. Müharibənin nəticələri isə şübhəsiz ki, bu iki ölkənin təsir dairələrini yenidən formalaşdıracaq.

Yaxın keçmişə nəzər salsaq görərik ki, SSRİ-nin dağılmasından sonra Qərb Rusiyanın təsir dairəsində olmuş ərazilərə nüfuz edib. Sovetlər Birliyinə daxil olmuş bəzi ölkələr Şimali Atlantika Alyansının (NATO) üzvünə çevrilib, Qərbə qarşı çıxan və Rusiyanı müdafiə edən bir sıra dövlətlərin başçıları “zərərsizləşdirilib” və s. Lakin bu proses Rusiyada Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra çətinləşib. Son illər isə demək olar ki, bu istiqamətdə aparılan işlər dayanıb. Hətta Qərb müəyyən mövqelərdən geri çəkilib. Məsələn, bunu Suriyanın timsalında görə bilərik. Bir sıra ərəb ölkələrində çevrilişlərə və hakimiyyət dəyişikliklərinə nail olan Qərb Suriyada bu planı həyata keçirə bilməyib. Bunun başlıca səbəbi isə Rusiya olub. Rəsmi Moskva bu ölkədə hakimiyyətin dəyişdirilməsinə imkan verməyib və Prezident Bəşər Əsədi qoruyub. Qərbin Rusiyanı daxildən parçalamaq cəhdləri də bu vaxtadək baş tutmayıb.

Şübhəsiz ki, Qərb ölkələrinin, xüsusilə də ABŞ-nin planı Rusiyanı “zərərsiz” və  “maneə yaratmayan” bir dövlətə çevirməkdir. Lakin bugünkü mənzərə göstərir ki, Rusiya Prezidenti V.Putin bununla razılaşmaq istəmir. Rusiyanın Ukraynada müharibəyə başlamamışdan əvvəl ABŞ-yə “təkliflər” göndərməsi də,  əslində, bunu sübut edib. Rəsmi Kreml bu “təkliflər”lə Qərbin Rusiya sərhədlərinə yaxınlaşmasını istəmədiyini bəyan edib. Lakin ABŞ bu “təkliflər”i qəbuledilməz sayıb.

Rusiyanın artan müqaviməti fonunda Qərbin bu ölkə ilə müharibə səviyyəsində toqquşması qaçılmaz görünürdü. Lakin hər iki tərəf birbaşa qarşılaşmaqdan yan qaçmaq istəyirdi. Qərb hansısa bir dövlətin Rusiya ilə müharibəyə başlamasında maraqlı idi. Həm də bu dövlətin daha güclü olması arzu olunurdu.  Lakin bu baş vermədi.

2014-cü ildə əhalinin narazılığından sonra Rusiyapərəst Viktor Yanukoviçin ölkədən qaçması və bununla da Ukraynada qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsindən sonra isə Rusiyanın Ukraynaya hücum edəcəyi hər an gözlənilən idi.

Nəhayət bu, 2022-ci il fevralın 24-də baş verdi. Rusiya tankları Ukrayna ərazisinə daxil oldu. Bu tankların üzərində keçmiş SSRİ-nin bayrağı da göründü. Şübhəsiz ki, Ukraynaya hücuma keçən ilk tankların üzərində SSRİ bayrağının olması təsadüfi sayıla bilməz. Bu hal V.Putinin ən azı öz sərhədlərinə yaxın olan ölkələrdə Rusiyanın təsir imkanlarını genişləndirmək niyyətindən xəbər verirdi. Lakin artıq Kiyevin yaxınlığnda olan Rusiya hərbçiləri Qərbin Ukraynaya güclü dəstəyi fonunda geri çəkilərək yalnız müəyyən bir ərazidə qərarlaşmaq məcburiyyətində qaldı.

Şübhəsiz ki, Ukraynaya hücum fonunda “Rusiya mifi”nə böyük zərbə dəyib. Bu ölkənin, xüsusilə də ordusunun heç də deyildiyi qədər güclü olmadığı üzə çıxıb. Hər kəs rusların müharibədən qaçaraq ölkədən çıxmasının şahidi olub.  Həmçinin döyüş aparan qüvvələr arasında narazılıqlar baş qaldırıb. Məsələn, “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu onlara lazımi qədər silah-sursat verməməkdə ittiham edib. Onları hərbçilərin ölməsinə səbəb olmaqda günahlandırıb və s.

Bütün bunlara baxmayaraq, Rusiya Ukraynada müharibəni davam etdirir və rəsmi Moskva mövqeyindən geri çəkilməyəcəyini bəyan edir. Həm də Ukraynaya Qərb tərəfindən göstərilən hərtərəfli yardıma baxmayaraq, hazırda döyüş meydanında üstünlük Rusiyanın tərəfindədir və bu ölkənin hərbi qüvvələri az da olsa, irəliləməkdədir. Prezident V.Putinin Böyük Rusiya mifinin dağılmasının qarşısını almaq və bu ölkənin təsir coğrafiyasını artırmaq üçün bütün vasitələrdən istifadə edəcəyi də aydındır. Ukraynanın gözlənilən əks-hücumunun hansı nəticələr verəcəyi isə hələlik məlum deyil.

Müstəqil siyasət yürüdən ölkələrin qazancı

Görünən isə odur ki, müharibənin nəticəsindən asılı olaraq, dünyanın siyasi xəritəsində Rusiya və ABŞ-nin təsir coğrafiyalarında dəyişikliklər olacaq. Bu isə bəzi dövlətlərə birbaşa, bəzilərinə də dolayısı ilə təsir göstərəcək. Müharibə dövründə hər iki tərəflə bərabər səviyyədə əlaqələr qurmuş ölkələrin isə təsirsiz, müstəqil siyasətlərini davam etdirə biləcəyi gözləniləndir. Bu baxımdan Azərbaycan və Türkiyənin adını çəkmək olar. Çünki Azərbaycan həm müharibədən əziyyət çəkən Ukraynaya humanitar yardım göstərib, həm də Rusiya ilə ikitərəfli əlaqələrini inkişaf etdirib və s. Eləcə də NATO-nun üzvü olan Türkiyə həm Ukrayna ilə əlaqələrini davam etdirib, həm də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Rəsmi Ankara Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün “Taxıl dəhlizi”nin fəaliyyət göstərməsində əvəzolunmaz xidmətlər göstərib və digər işlər görüb. Bu hal həm də Türkiyənin Azərbaycan və digər tərəfdaş dövlətlərlə birlikdə bir güc mərkəzinə çevrilməkdə olduğunu göstərir. Mövcud vəziyyət isə bu dövlətlərin müstəqil siyasətlərini davam etdirəcəyini və heç bir təsir altına düşmə ehtimalının olmadığını deməyə əsas verir.

“Yeni Çağ”ın Analitik Mərkəzi

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv