Donald Trampın şəxsi vəkili Maykl Koenin Ukrayna prezidentinin ABŞ-lı həmkarı ilə görüşdürülməsi üçün azı 400 min dollar məxfi ödəniş aldığı iddia edilir.
Yenicag.az xəbər verir ki, bu barədə BBC-nin araşdırmasında söhbət açılır. Hər iki tərəf reaksiya bildirdikcə, qalmaqal get-gedə böyüyür.
Nəşr öz mənbələrinə istinadən qeyd edir ki, ödəniş Ukrayna lideri Pyotr Poroşenkonun vasitəçiləri tərəfindən təşkil edilib.
Məlumat üçün bildirək ki, görüş keçən ilin iyununda Ağ evdə baş tutub.
“Vasitəçilər öz növbəsində, Nyu-York ştatındakı “Xabad” yəhudi xeyriyyə təşkilatında olan nüfuzlu şəxslərlə əlaqələrdən istifadə ediblər ki, bu da yekunda Trampın vəkili Maykl Koenə gətirib çıxarıb. Nəticədə görüş üçün Koenə 400 min dollar ödənilib”, – materialda deyilir.
Eyni zamanda, nüfuzlu portal bunu da qeyd edir ki, Trampın şəxsən özünün bu barədə xəbərinin olmasına dair heç bir fərziyyə yoxdur.
Kiyevin reaksiyası
Ukraynanın Yüksək Rada sədrinin birinci müavini İrina Qeraşenko BBC-ni ciddi tənqid edərək, öz Feysbuk səhifəsində belə bir hadisənin olmadığını yazıb.
Vaşinqtonun reaksiyası
ABŞ prezidentinin vəkili Maykl Koen da xəbəri təkzib edib. O, “Reuters” agentliyə müsahibəsində Ukrayna prezidentinə yaxın mənbələrdən görüş üçün bir qəpik də almadığını bildirib. “Bilmirəm BBC-nin mənbələrinin məqsədi nədir, amma bu iddia tamamilə absurdur”, – deyə o, fikrini tamamlayıb.
“Reuters”in sorğusuna Ağ evin nümayəndələri isə hələ cavab verməyiblər.
Zaur H.
www.yenicag.az