Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
Parlament seçkisi üzrə Ali Komitə Suriya parlamentinə yeni üzvlərin adlarını təsdiq edib. Xalq Məclisinin ilk iclasının iyulun 6-da keçirilməsi nəzərdə tutulur.
Yenicag.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi komitə rəhbəri Məhəmməd Taha əl-Əhmədin bəyanatına istinadən məlumat yayıb.
Prezident tərəfindən təyin olunan şəxslərin siyahısında döyüşlərdə həlak olanların yaxınlarının, həbsdən çıxanların, kimyəvi hücumlardan sağ qalanların, eyni zamanda alimlərin, ekspertlərin, mütəxəssislərin, ictimai və milli xadimlərin yer aldığı bildirilir.
Qeyd olunur ki, parlamentdə 21 yer qadın deputatlara ayrılacaq. Ümumilikdə Xalq Məclisi 210 yerdən ibarətdir. Heyətin üçdəbiri, yəni 70 deputat keçid dövründə ölkə Prezidenti Əhməd əş-Şaraa tərəfindən təyin edilib. Qalan üzvlər isə regional seçki kollegiyalarının dolayı səsverməsi yolu ilə seçiliblər.












