“Həm Ukrayna, həm biz, həm də dünya üçün çox təhlükəli bir sonluq olacaq”.
Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda hər iki tərəfin aktivləşməsinin münaqişənin taleyinə təsirindən danışan politoloq Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Ukrayna və Rusiyanın aktivləşmək cəhdləri danışıqlarda daha əlverişli mövqeyə çıxmaq istəyi ilə bağlıdır:
“Məlumdur ki, ABŞ-nin yenidən prezidenti seçilən Donad Tramp bu müharibəyə son qoyacağını deyib. Danışıq taktikası isə tərəflərə təzyiq göstərməklə bağlıdır. Bu mərhələdə daha əlverişli mövqedə olmaq və mümkün qədər Trampa güc nümayiş etdirmək hər iki tərəfin istəyidir. Ancaq Ukraynanın burada imkanları çox təəssüf məhduddur. Rusiya irəliləyir və yeni ərazilər ələ keçirir”.
Analitikin fikrincə, digər tərəfdən, Trampın Rusiyaya təzyiq imkanları olsa da, o qədər təsirli deyil:
“Ukrayna tamamilə ABŞ-dən asılıdır. Yəni Ukraynanı bir günün içində sülhə məcbur etmək mümkündür. Lakin Rusiyaya qarşı nə edə bilər? Vergilər, rüsumlar, digər məhdudiyyətlər Rusiyanı çökdürərmi? Xeyr. Düzdür, bu, Rusiyanın vəziyyətini müəyyən qədər ağırlaşdırar, lakin çökdürməz. İndiki vəziyyətdə belə Rusiya hələ bir neçə il müharibəni davam etdirə bilər”.
A. Səmədov hesab edir ki, neftin qiymətini 40 45 dollara salmaq Rusiyadan çox bizə ziyan edir:
“Çünki Azərbaycanın ixracatının 90%-ə yaxını neft və qazdır. Rusiyanın imkanları var və ABŞ-nin tətbiq edəcəyi sanksiyaları qarşılaya bilər. Bunu Tramp da, ətrafındakılar da yaxşı başa düşür. Qısacası, əsas təzyiqlər məhz Ukraynaya yönələcək. Rusiyanın tələblərinin böyük hissəsi qəbul olunacaq. Bu, təbii olaraq Azərbaycan üçün də təhlükəli tendensiyadan xəbər verir”.
“Rusiya Ukraynadakı müharibədən elə vəziyyətdə çıxmalıdır ki, bir daha başqa dövlətlərin ərazisində gözü olmasın. Bu gün o vəziyyətdədirmi? Çox təəssüf ki, yox. Bu səbəbdən müharibəni təcili qurtarmaq cəhdləri yanlışdır. Ukraynaya yardımlar artırılmalı, eləcə də Rusiyanın müəyyən məğlubiyyətləri və ərazi itkiləri təmin olunmalıdır. Daha sonra danışıqlar barədə düşünmək olar. Əks halda, həm Ukrayna, həm biz, həm də dünya üçün çox təhlükəli bir sonluq olacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli