Ukrayna torpaqlarını peşkəş EDƏCƏK? – “Putinin dayanmaq niyyəti yoxdur”
“Putinin də dayanmaq niyyəti yoxdur”.
Bu sözləri Alyaskada baş tutacaq Tramp-Putin görüşü və görüşdən gözlənənləri Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
O, bildirib ki, sülh mütləq şəkildə baş tutmalıdır:
“Tramp açıq şəkildə sülhün əldə edilməsini istəyir. Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı çıxışlarına baxanda artıq nə torpaqdan, nə də digər məsələlərdən danışır. O insan ölümlərinin qarşısını almaq niyyətindədir”.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskini də anlamaq olar:
“Çünki Ukrayna konstitusiyası imkan vermir ki, ölkə torpaq güzəştinə getsin. Ona görə də torpaq güzəşti ilə barışmayacağını dilə gətirir. Görünən odur ki, Putinin də dayanmaq niyyəti yoxdur. Putin açıq şəkildə atəşkəslə razılaşmaq niyyətində deyil. Uzun müddətli sülh olarsa, Rusiya buna gedə bilər. Hesab edirəm ki, Tramp hər iki tərəfi razı salmağa çalışacaq. Artıq hər iki xalq da, dünya da müharibədən doyub. Ona görə də sülhün əldə edilməsi vacibdir”.
Səxavət Məmməd