Azərbaycan Ordusunun ötən həftə Qarabağda həyata keçirdiyi uğurlu antiterror tədbirləri beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. İlk saatlardan dünya mediasının diqqətində olan antiterror tədbirlərinə bəzi qüvvələr qərəzli yanaşsalar da, bir çox ölkələr Azərbaycanın suveren addımını təqdir edib.
Yenicag.az xəbər verir ki, Ukraynanın NATO-nun Parlament Assambleyasındakı nümayəndəsi, Ali Radanın deputatı Lyüdmila Buymister Report-un Şərqi Avropa bürosuna bildirib ki, bunu beynəlxalq hüququn bərpası üçün örnək sayırlar:
“Qarabağ bölgəsi, bütövlükdə Qafqaz hər zaman mürəkkəb region olub. Odur ki, Ukrayna Qafqazla bağlı məsələlərdə əvvəllər neytral mövqe tutmağa çalışıb. Amma Azərbaycanda bu gün müşahidə etdiklərimiz bizi sevindirir. Çünki Azərbaycan ədaləti bərpa edir. Digər tərəfdən isə bu bizim üçün XXI əsrdə separatçılığa, totalitar dövlətlərin ərazi iddiaları ilə bağlı məsələlərin necə həll olunmasına nümunədir. Sirr deyil ki, bu münaqişə əvvəlindən məhz Kreml tərəfindən süni şəkildə qızışdırılırdı. Buna görə də hazırda Azərbaycanın atdığı addımları, yəni bu ərazilərin demilitarizasiyasını alqışlayırıq. Digər tərəfdən, bu, regionun digər xalqları üçün də nümunədir. Yəni əgər danışıqlar masasında Rusiya tərəfi əyləşibsə, güc yolu həlledici əhəmiyyətə malikdir. Biz gördük ki, Rusiya öz maraqları naminə “müttəfiqi” olan Ermənistandan vaz keçib, sözünün üzərində dayanmayıb, regionda aqressiv əhvali-ruhiyyəni daha da qızışdırıb.
Lyüdmila Buymister
Odur ki, hazırda Rusiyanın Qafqazda təsirinin azaldığını müşahidə edirik. Biz azərbaycanlı tərəfdaşlarımızla birlikdə yalnız buna sevinə və bu nümunəni dünyanın digər ölkələrinə göstərə bilərik. Əgər Qafqazda sülh, sabitlik istəyiriksə, öz gücümüzü göstərməliyik. Ruslar yalnız bu dildə anlayırlar. Onlar başa düşməlidirlər ki, başqa dövlətlər arasında münasibətlərə müdaxilə etməməlidirlər və bu ölkələr bir-biri ilə razılığa gələcəklər. Əgər Rusiya müdaxilə etməsə, Qafqazın bütün xalqları öz aralarında razılığa gələ bilərlər. Bir sözlə, vəziyyətin sabitləşməsinə səbəb olan qərarı alqışlayırıq”.
Ali Radanın Ukraynada hakim “Xalqın qulluqçusu” Partiyasının deputatı, ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Yuriy Kamelçuk da “Report”a bildirib ki, rəsmi Kiyev Bakının metodlarından istifadə edə bilər:
Yuriy Kamelçuk
“Biz Azərbaycan hakimiyyətinin tamamilə məntiqli addımını izləyirik. Belə ki, 2020-ci ilin noyabrında Rusiya sülhməramlıları adlandırılan qüvvələr Qarabağda yerləşdirildi. Onların hansı müddətdən sonra bölgədən çıxarılması da imzalanan sazişdə öz əksini tapıb. Ancaq belə oldu ki, təxribatlar davam etdi, informasiya mübarizəsi qızışdı. Buna görə də zaman keçdi və Bakının qətiyyətli addımları göstərdi ki, necə hərəkət etmək lazımdır. Bu cür nümunələr ərazisi ruslar tərəfindən işğal olunmuş digər ölkələr üçün ilham mənbəyidir. Eyni model Donbasın azad edilməsi üçün də istifadə olunacaq – vəziyyət burada hərbi baxımdan xeyli mürəkkəb olsa da. Siyasi iradə, hərbi hazırlıq, hərbçilərin və dövlət rəhbərlərinin onu azad etmək əzmi olan kimi Dnestryanı ərazinin azad edilməsi üçün də eyni modeldən istifadə etmək olar. Ona görə də əminəm ki, Ukrayna Krımın, Donbasın, eləcə də Rusiyanın işğal etdiyi digər ərazilərin azad edilməsi ilə bağlı düzgün yoldadır. Biz isə Azərbaycana yalnız yüksək ehtiram ifadə edə bilərik ki, o, öz dövlət maraqlarını qorumaq üçün həmişə və qətiyyətlə addımlar atır”.
Hərbi-siyasi ekspert Taras Berezovets“Report”a açıqlamasında bunları deyib:
“44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, Ermənistan bir zaman işğal altında saxladığı Qarabağ ərazisindəki hərbi birləşmələrini bu ərazidən çıxarmaq öhdəliyini götürmüşdü. Lakin Ermənistan tərəfi üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyib. Azərbaycan Ordusunun Qarabağda birgünlük, ildırımsürətli lokal antiterror tədbirləri nəticəsində qondarma qurumun hərbi birləşmələri kapitulyasiyaya məcbur olub, Ermənistan hökuməti separatçılara dəstəyini dayandırıb. Ermənistan rəhbərliyinin təşəbbüsü ilə beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan inamlı qələbə qazanıb. Qarabağ və Krım ətrafındakı müharibələrdə xeyli oxşarlıqlar var. Məsələn, Qarabağ uzun müddət Ermənistanın işğalı altında idi. Rusiya isə hazırda Krımı qeyri-qanuni olaraq işğal altında saxlayır”.
Taras Berezovets
“Xatırladım ki, Ermənistan Qarabağı təxminən 30 il ərzində işğal altında saxlayıb. Azərbaycan müttəfiqlərinin dəstəyi ilə öz Silahlı Qüvvələrində islahatlar apardıqdan, yeni silahlar aldıqdan sonra ərazi bütövlüyünün, suverenliyinin bərpası ilə bağlı hərbi əməliyyat keçirə bilib. Əlbəttə ki, Ukrayna Azərbaycan xalqının bu qələbəsini alqışlayır. Belə ki, Ukrayna bunu Krımın Rusiya işğalından azad edilməsinin xəbərçisi hesab edir. Azərbaycan və onun rəhbərliyi adıçəkilən əməliyyatın keçirilməsi üçün uyğun zaman seçib. Belə ki, Rusiya vacib müttəfiqi olan Ermənistanı dəstəkləməkdən imtina edib. Yeri gəlmişkən, Ermənistanı çox çətin günlər gözləyir. Aydındır ki, Qarabağ tez bir zamanda bərpa olunacaq, modernləşdiriləcək və hazırda işğal altında olan Ukrayna ərazilərinin gələcəkdə yenidən qurulması üçün nümunə olacaq”.