“Ukraynanın dron hücumları Rusiyanı dayandıra bilməz”: Müharibədə "sınma nöqtəsi" – TƏHLİL
“Ukrayna Rusiyanın neft bazalarını vurmaqla nəticə əldə edə bilmir”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.

Politoloq Rusiyanın həmlələrinə qarşı Ukraynanın düşmənin neft bazalarını dron hücumları ilə sıradan çıxarmağa cəhd etməsini və bu yolla müharibədə nəticə əldə etməyə çalışmasını şərh edərək, bu taktikanın işə yaramadığını vurğulayıb:
“Rusiya Ukraynada irəliləməyə davam edir. Hazırkı mərhələdə Ukraynanın Rusiyadakı neft bazalarını və ya hansısa strateji əhəmiyyətli obyektləri vurmaqla Rusiyanı geri çəkmək mümkün olmayacaq. İlk növbədə, Rusiya həddən artıq çox irəliləyib. Digər tərəfdən, bu müharibə Rusiya iqtisadiyyatına yetərincə zərbə vura bilmədi. Bütün Avropa dövlətləri və Qərb Rusiyaya müxtəlif sanksiyalar tətbiq edərək Rusiya iqtisadiyyatına zərbə vurmaq üçün çalışsalar da, bunu bacarmadıqlarını görürük. Rusiya öz enerji məhsullarını dünya bazarına yenidən satmağa davam edir. İndiki dövrdə müharibə vəziyyətinə baxmayaraq Rusiya iqtisadiyyatı çətin günlər keçirir, amma hər bir halda müharibədə Ukraynadan üstün ola bilir. Tramp-Putin arasında keçirilən son görüşdə də biz gördük ki, Tramp da öz növbəsində Ukraynanı müharibədə geri addım atmağa sövq edir. Görünən odur ki, bu gün Rusiya və Ukrayna müharibəsi heç də Ukraynanın istədiyi kimi getmir. Nə Qərb dövlətlərindən yardımlar ala bilmir, nə də Rusiya iqtisadiyyatı Avropanın sanksiyalarından çökmür. Hazırda Rusiya dünya bazarına əvvəlki kimi olmasa da, öz mallarını satmağa davam edir və Ukraynada hər gün irəliləyir”.
Nurlan Cəfəri













