Ukraynaya verilən “sabun köpüyü”ndən ibarət VƏDLƏR: “Bəyanatlar var, amma real yardımların olmaması…”
“Rusiyanın cəbhədə müəyyən uğur qazanmasının əsas səbəbi illərlə fəaliyyətsiz qalmış silah sənayesində istehsalı tam şəkildə bərpa etməsidir”.
Bu fikirləri davam edən Rusiya-Ukrayna müharibəsi fonunda şimal və cənub cəbhələrində gedişatı dəyərləndirən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.Rövşən Məhərrəmovun sözlərinə görə, Qərbin Ukraynaya hərbi yardımları artırmaq vədi ilə praktik addımları bir-birinə tərs mütənasibdir:
“Müharibə başlayandan bu yana ABŞ başda olmaqla, Qərb dövlətləri, o cümlədən, Yaponiya və başqa ölkələr Ukraynaya həm maddi, həm də silah-sursat yardımı göstərirdilər. Müharibənin ilkin mərhələsində Qərb əlindən gələni edirdi ki, Rusiyanın planları baş tutmasın.
Ancaq son zamanlar görürük ki, ABŞ Konqresində Ukraynaya yardım məsələsinə çox soyuq yanaşırlar. İsraillə HƏMAS arasında müharibənin gedişində ABŞ İsrailə 15 milyard pul ayırdı və bu yardımların davamlı olması barədə qərar qəbul etdi. Bu sırada Almaniya Ukraynaya nəzərdə tutulan 4 milyard avro yardımı 8 milyarda qaldırdı. Yaponiya da maliyyə yardımını artırıb.
Ancaq maliyyə yardımları yalnız hərbi məqsədlərə yox, həm də xalqın sosial vəziyyətinin sabitləşdirilməsinə yönəlib. Xalqın yaşayışını təmin etmək lazımdır. NATO baş katibi də bildirdi ki, Ukraynaya daim yardım edəcəklər. Bəyanatlar verilsə də, real yardımlar yoxdur.
Ukrayna qərara alıb ki, hərbi sənayesini gücləndirsin. Lakin bu proses zəif gedir. Rusiyanın cəbhədə müəyyən uğur qazanmasının əsas səbəbi illərlə fəaliyyətsiz qalmış silah sənayesində istehsalı tam şəkildə bərpa etməsidir. Onlar artıq tələb olunan həcmdə silah-sursat istehsal edirlər, texnologiyanın inkişafına diqqət yetirirlər.
Rusiya əvvəl çipləri xaricdən alırdısa, artıq o məhsulu da özü istehsal etməyə başlayıb. Eyni zamanda, Rusiyada raket, tank və döyüş maşınlarının istehsalı genişləndirilib. Yəni Rusiya müharibə apara-apara öz hərbi sənayesini gücləndirdi.
ABŞ və ümumilikdə Qərb görür ki, sanksiyalar Rusiyaya heç bir təsir göstərməyib. NATO ölkələri Ukrayna hərbçilərinə hazırlıq keçib, yeni birləşmələr yaradırdısa, artıq o iş də dayandırılıb. Qərb heç vaxt istəməz ki, Ukrayna məğlub olsun. Ona görə də, çalışacaq ki, bu ərəfədə atəşkəs əldə etsinlər və Ukrayna toparlanmaq üçün vaxt qazansın”.
Səxavət Məmməd