Umud Mirzəyev: “İnsanları qruplara və bölgələrə bölən, onlara təzyiq göstərən ifadələrə yol verilməməlidir”
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı-publisist Rəşad Məcid “Facebook”dakı paylaşımında maraqlı məsələyə toxunub. O qeyd edib ki, son günlər sosial şəbəkələrdə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mövzusu ətrafında müzakirələrdə qəzəb və nifrət dolu reaksiyalar müşahidə olunur. Mətbuat Şurası məsələni diqqətdə saxlayır və jurnalistləri, media nümayəndələrini cəmiyyətdə bölücülüyə səbəb ola biləcək ifadələrdən çəkinməyə çağırır. Bildirilir ki, bu cür hallardan məqsədli şəkildə istifadə edən qüvvələr ölkədə qarşıdurma yaratmağa və 44 günlük Vətən Müharibəsində əldə olunan zəfəri gözdən salmağa çalışırlar.
Rəşad Məcid vurğulayıb ki, Mətbuat Şurası xəbərdarlıq edir: insanları qarşı-qarşıya qoyan açıqlamalar təkcə etik deyil, həm də hüquqi baxımdan məsuliyyət doğura bilər. Media və informasiya yayımı ilə məşğul olan hər kəs məsuliyyətli davranmalıdır.
“Rəşad Məcidin açıqlamasında konkret ad və ünvan göstərilmir. Amma son günlər jurnalist Səidə Bəkirqızının bəzi açıqlamaları, ümumilikdə isə onun cəmiyyət tərəfindən narazılıqla qarşılanan fikirləri geniş ictimai reaksiyaya səbəb olub”.
Bu sözləri EDnews-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib. O, Rəşad Məcidin 10 sentyabr tarixli paylaşımına münasibət bildirərkən deyib:
“Əslində, xanım cəmiyyətin reaksiyasını nəzərə alaraq məsələni yumşaltmağa, səhvini etiraf etməklə situasiyanı sakitləşdirməyə çalışsaydı, problem bu qədər böyüməzdi. Lakin həmkarımız əksinə, insanlarla qarşıdurmanı artıracaq açıqlamalar verdi, öz mövqeyini bir daha sərtləşdirdi. Amma bizim cəmiyyətimiz, həmkarlarımız və ümumilikdə çağırışlarımız barışa, tolerantlığa və insanlar arasında qarşılıqlı anlayışa xidmət etməlidir”.
Umud Mirzəyev qeyd edib ki, sosial media və digər rəqəmsal platformalarda bu cür aqressiv çağırışlardan çəkinmək vacibdir:
“Belə çağırışlar yolverilməzdir. Xüsusilə də insanları qruplara və bölgələrə bölən, onlara təzyiq göstərən ifadələrə yol verilməməlidir. Yəni, bölücülüyə heç bir vəchlə haqq qazandırmaq və onu təqdir etmək olmaz. Bu səbəbdən mən Rəşad müəllimin açıqlamasını yüksək qiymətləndirirəm”.
Umud Mirzəyev əlavə edib ki, Rəşad Məcidin paylaşımının mövzu ətrafında yaranmış müzakirələrə son qoyacağını ümid edir. O qeyd edib ki, bu cür qarşılıqlı ittihamlar və gərginliklər təkcə şəxsi münasibətlərə deyil, həm də ümumilikdə ölkəmizin imicinə və maraqlarına zərər vurur. Jurnalistika cəmiyyətin maariflənməsinə, düzgün məlumatlandırılmasına və həqiqətin üzə çıxarılmasına xidmət etməlidir:
“Bu səbəbdən, belə halların gələcəkdə təkrarlanmaması çox vacibdir. Əminəm ki, Səidə xanım da peşəkar və təcrübəli bir jurnalist kimi gələcək fəaliyyətində məsuliyyətli davranacaq və bu cür yanlış anlaşılmalara yol verməyəcək. Bu, həm medianın etibarının qorunması, həm də milli maraqlarımızın müdafiəsi baxımından olduqca önəmlidir”.
Jurnalistlərin etik davranış qaydalarını xatırladan Umud Mirzəyev bildirib ki, son illər Azərbaycan jurnalistikasına gələnlərin əksəriyyətinin bu qaydaları nəzərə almamaları təəssüf doğurur. Bu isə uzun illər formalaşmış mətbuat ənənələrimizə kölgə salır:
“Belə yanaşma jurnalistikamıza yaraşmayan bir münasibət formalaşdırır. Bu səbəbdən də biz bu kimi məsələlərdə maarifləndirməyə daha çox önəm verməliyik. Media sahəsində çalışan insanların peşə etikası və ictimai məsuliyyət mövzusunda maarifləndirilməsinə ciddi ehtiyac var”.
Qeyd edək ki, jurnalist Səidə Bəkirqızı dayanmadan məcburi köçkünləri hədəfə alan çıxışlarla gündəmə gəlib. Üzr istəməyi gözlənilsə də, lakin o, “məcburi köçkünlərdən yox, özümdən üzr istəyirəm” deməklə cəmiyyətə bir daha qınaq hədəfinə tuş gəlib.