Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Universitetdə hicab qalmaqalı: özbaşına rektor, susan deputat

Mingəçevir Dövlət Universitetində hicablı tələbələrin dərsə buraxılmaması baş örtüyü ilə bağlı qadağanı bir daha gündəmə gətirib.

Yenicag.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən təhsil ocağının rektoru Akif Hacıyev sözügedən qadağanı universitetin nizamnaməsinə əsasən tətbiq etdiklərini bildirib.

Bu isə birbaşa insanların özünüifadə azadlığına qarşı çıxmaqdır. Demokratik cəmiyyətdə yaşayırıqsa, bunu qocaman rektor da başa düşməlidir.

Başa düşməlidir ki, Azərbaycanda bununla bağlı hər hansı qadağa yoxdur. Hətta ölkə prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı danışarkən hicabdan istifadə etməyin insanların hüququ olduğunu qeyd etmişdi.

Akif Hacıyev üçün Azərbaycan prezidentinin hicabla bağlı çıxışını xatırladaq: “Biz heç bir yerdə qadağa tətbiq etmirik. Bizdə qadağa yoxdur. Hər kəs istədiyi kimi inkişaf etmək hüququna malikdir. Və bu, istənilən adamın hüququdur”.

Maraqlıdır, Akif Hacıyev niyə ölkə rəhbərindən fərqli düşünür? Bəlkə rektor Mingəçevir Dövlət Universitetini şəxsi biznes obyekti kimi özəlləşdirib, xəbərimiz yoxdur? Yoxsa onun üçün bu ölkənin qanunları keçərli deyil?

Hadisələrin Mingəçevirdə cərəyan etdiyini nəzərə alaraq, “nur şəhəri”ndən seçilən millət vəkili Aydın Mirzəzadə ilə də əlaqə saxladıq. Görəsən, deputatın bu anormal vəziyyətə münasibəti necədir?

Lakin Mirzəzadə məsələ ilə bağlı çox danışmaq istəmədi. “Xəbəri sosial şəbəkədə oxudum. Bu gün bu məsələ ilə maraqlanacam görüm bu, doğrudan da belədir?”, deyən deputat, bəlkə də məsələdən yayınmaq üçün bəhanə tapmış oldu. Ancaq Mingəçevirdən seçilən millət vəkilinin öz şəhərində baş verən hadisələrdən bixəbər olması da ayrıca müzakirə mövzusudur.

Əslində, Aydın Mirzəzadəni qınamırıq. Görünür, “məsələni araşdıracam” deməklə, rektorun qərarına müdaxilə etmək və yaxud da Akif Hacıyevlə şəxsi münasibətlərini pozmaq istəmir. Çünki millət vəkili növbəti Parlament seçkilərində Mingəçevir şəhər stadionunda çıxış edəcəyi vaxt, arenanın tələbələrlə doldurulması üçün rektor dostuna ağız açmalı olacaq.

Emin Səfərov

www.yenicag.az

8424
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM