Hesablama Palatası ötən il ən çox nöqsan aşkar etdiyi ali təhsil müəssisələrinin adlarını açıqlayıb.
Azərbaycan Tibb Universiteti (ATU) 19, Bədən Tərbiyəsi və İdman Akademiyası (BTİA) 16, Bakı Slavyan Universiteti (BSU) isə 17 dəfə nöqsanlara yol verib.
Təhsil müəssisələrində nöqsanların aşkarlanması ilə bağlı təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlama verib.
Kamran Əsədov bildirib ki, həmin təhsil ocaqları bir müddət öncə Təhsil Nazirliyində akkreditasiyadan keçiblər:
“Belə çıxır ki, Təhsil Nazirliyinin Akkreditasiya İdarəsi ya işini bilmir, ya görməyib, ya da gözlərini “yaşıl” bir şeylə bağlayıb. Əgər bir qurum əvvəl yoxlayıb heç nə tapmırsa, başqa bir qurum sonra yoxlayanda səhv tapırsa, demək ki, birinci yoxlayan qurumda səhv var. Əslində bu, ali təhsil müəssisələrində hesabatlılığın olmamasından qaynaqlanır. Dövlət büdcəsindən pul gəlir, tələbələr təhsil haqqı ödəyir, qrant layihələr var, fondlardan pul daxil olur. Bəs bunlar hara gedir? Əslində, ali təhsil haqqında qanunun qəbul olunmamağı bu deməkdir. Ali təhsil haqqında qanun yoxdur. Rektorlar da deyir ki, məni prezident təyin edir, hesabatı prezidentə verəcəm. İndiyə qədər hansısa ali təhsil müəssisəsi rektorunun prezidentə hesabat verdiyini görmüsünüz? Ali təhsil müəssisələri nomenklatura qaydasında Təhsil Nazirliyinə tabedir. Ancaq hər ikisini prezident təyin etdiyinə görə, bu gün universitet rektorları ancaq kollegiya iclasında Təhsil Nazirinin üzünü görürlər. Başqa vaxt kobud desək, heç naziri saymırlar. Çünki tabeçilik qaydaları yoxdur”.
Xaricdən ölkəyə gələn tələbələrin sayı barədə danışan təhsil eksperti Azərbaycanla Sinqapuru müqayisə edib:
“Sinqapurun əhalisinin sayı Bakının əhalisindən 2-3 dəfə azdır. Ancaq Sinqapurun iki universitetinə xaricdən oxumağa gələn tələbələrin sayı 80 mindir. Sinqapur universitetləri dünya reytinqində ilk 50-likdədirlər. Azərbaycanın 54 universiteti var, dünya reytinqində heç minliyə daxil deyillər. Ancaq maliyyə fırıldaqları baxımından hamısından üstədirlər. Universitet rektorlarımızın şəxsi büdcələri bir çox xarici universitetlərin büdcəsindən çoxdur.
Hər il universitetlərimizə 45 min tələbə daxil olur. 54 universitetimizdə 165 min tələbə təhsil alır. Onların 30%-i ödənişsiz, pulsuz, 70%-i isə ödənişli əsaslarla oxuyur. Məcburi köçkünlər, digər sosial kateqoriyalar var ki, onlar təhsil haqqı ödəmirlər, ancaq onların pulu dövlət büdcəsindən ödənilir.
Universitetlərimizin yataqxanaları yoxdur, müasir standartlara cavab verən laboratoriyası yoxdur, alimlərimizin elmi məqalələri sıfır, heç bir istinad yox, bu qədər pul bəs hara gedir? Düşünürəm ki, Hesablama Palatası universitetlərin qapısından içəri girib, 1-2 sənədə baxıb, bu qərarı verib. Əgər dərindən araşdırma aparılsa, çox məsələlər ortaya çıxardı. Misal üçün, adi bir kompüter formatını 200-250 AZN yazırlar, ancaq kompüterin formatı 10 AZN-dir. A4 kağızların paçkasını 50 AZN yazırlar, 5 manatdır. Yəni, rəqəmlər çox ciddi şişirdilir.
Azərbaycanda universitetlər müasir çağırışlara cavab vermir. 165 min tələbimiz var, onların yalnız 42%-i 4 ildən sonra işlə təmin olunur. Demək ki, 50%-dən aşağısı yararsızdır. Ehtiyac yoxdur. Ona görə də maliyyə araşdırmaları mənə təəccüblü gəlmədi. Azərbaycanda universitetlərdə tenderlər necə keçirilir, bundan baş açmaq mümkün deyil. CİA, FTB, MOSSAD da gəlib araşdırma etsə, bu tenderlərin keçirilməsindən, kimlərin qalib gəlməsindən baş aça bilməz. 28 ildir müstəqilik, dünya reytinqində yoxuq.
Təkcə Türkiyədə xaricdən gəlib oxuyanların sayı 2005-ci ildə 120 min nəfər idi, 2016-cə ildə 800 min nəfərə qalxdı, 2018-ci ildə isə 1 milyon 200 min oldu. Azərbaycanda isə bu rəqəm acınacaqlıdır. Şişirdib 5 min deyirlər, əslində isə 2800 tələbədir. Bəs beynəlxalq əlaqələr, seminarlara ayrılan pul hara gedir? Təbii ki, cibə”.
Hesablama Palatasının apardığı araşdırmanın daha dərindən aparılmalı olduğunu vurğulayan Kamran Əsədov universitetlərin silkələnməli olduğunu deyib:
“Əgər bu proses belə davam etsə, öz əmək bazarımız üçün kadr tapılmayacaq. Necə ki istirahətə Türkiyəyə, müalicəyə İrana, oxumağa Avropaya gedirik, gələcəkdə dərs demək üçün müəllim gətirəcəklər. Azərbaycanda normal vəziyyətdə yeganə universitet Gəncədə Aqrar Universitetdir. Bakı Dövlət Universitetinin kompüter mühəndisliyinə girən tələbə var ki, kompüterdə ən elementar şeyləri bilmir. Digərləri də həmçinin. Adama deyərlər, 4 il orada nə etmisən? Universitetlərin laboratoriyaları sıfıra bərabərdir. Bəlkə də sənədlərdə həmin o laboratoriyalar dəfələrlə tikilib, təmir olunub, avadanlıqlar alınıb. Ancaq rellıqda yoxdur. Mən maliyyəçi deyiləm, ancaq araşdırma aparsam, daha böyük və biabırçı rəqəmlər ortaya çıxarardım”.
Səxavət Məmməd
www.yenicag.az