Uşağın şikəst doğulmasının günahı qohum evliliyindədir? – Ekspert
Ailələrdə fiziki qüsurlu övladların dünyaya gəldiyi haqda eşidirik. Tibb alimləri problemin səbəbini adətən qohum evliliklərində görür. İlahiyyatçılar isə məsələ başqa aspektdən yanaşır.
Mövzunu ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Yenicag.az-a belə şərh etdi: “Bəzi tədbirlərdə, evlilik məsələlərində müzakirələr açanda bildirilir ki, qohumla evlilik doğru deyil, qohumla evliliyin mənfi tərəfləri olur, cütlüklər arasında normal ailə bağlılığı və onların normal övladları olmur. Bununla bağlı 2005-ci ildə İstanbulda iştirak etdiyimiz V Beynəlxalq İslam Tibb Konfransında da dünyanın müxtəlif ölkələrindən gələn tibb və İslam alimləri məruzələrində çıxışlar edərək müxtəlif aspektlərdən bu məsələyə toxundular. Qərara alındı ki, İslam dininə görə də, tibbi cəhətdən də Allah təalanın evlənməyə icazə verdiyi qohumlarla evlənməkdə heç bir maneçilik, zərər, mənfiliklər yoxdur. Bizdə də bununla bağlı həmişə narahatlıqlar olur. Ancaq təcrübə və qohumlarla evliliyin müsbət nəticələri, İslamın bu məsələdə mövqeyi daha doğru görünür. Bəzi mütəxəssislər qüsurlu doğulan uşaqların şikəstliklərinin səbəbini qohumlararası evlilikdə görürlər. Lakin bu, səhv bir fikirdir. Çünki qohum olmayan insanlardan dünyaya gələn uşaqlar arasında da şikəst və qüsurlu olanlar var. Deməli, bu kimi hadisələrdə əsas səbəbkar bəzən ata -ananın özləri olurlar. Çünki qədim zamanlardakı və indiki ailələrin vəziyyətini diqqətlə araşdırsaq görərik ki, həm qohumluğu çatan, həm də qohum olmayan şəxslərin evlilikləri nəticəsində qüsurlu uşaqlar dünyaya gələ bilir. Bu da ortaya atılan fikirlərin əsassız olduğunu sübuta yetirən açıq bir dəlildir. Çünki ilk olaraq insanı daha yaxşı tanıyan uca Allah onun kimlərlə evlənməsini, hansı qohumlarla ailə qurmasını bizə xəbər vermişdir. Əgər Allah təalanın əvvəlcədən bildiyi bir məsələ zərərli olsaydı heç vaxt onu öz Qiyamətə qədər gələn qullarına tövsiyə etməzdi. Halbuki Allah təala hansı qohumlarla evlənməyin haram olduğunu mübarək Kitabının Nisa surəsinin 23-24-cü ayəsində biz insanlara, inananlara açıqladıqdan sonra digər qohum qadınlarla evlənməyə icazə vermişdir. İslamda tövsiyə olunan bir məsələ vardır ki, əgər yaxın qohumlarla evləndiyin təqdirdə gələcəkdə ailə arasında münaqişəyə səbəb ola biləcək davranışlar ola bilərdi, qohumluq əlaqələri kəsilə bilərdi, bu səbəblə qohumlarla evlilikdə İslam dini ciddiyyəti qorumuşdur. İslam alimləri bu məsələdə bir çox səbəblərdən də qohumla evlənməkdə bəzi təhlükəli məsələləri istisna etməklə icazəli hesab ediblər. İslam dininə görə Allah təalanın bildirdiyi və Rəsulunun tövsiyə etdiyi qohumlarla evlənməkdə heç bir zərər yoxdur, icazəlidir. Allah daha düzünü bilir”.