“USAID həm 44 günlük müharibədə, həm də müharibədən sonrakı dövrdə Ermənistana istər maddi, istərsə də siyasi dəstək verərək Azərbaycanı sıxışdırmağa çalışırdı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev bildirib.
O, USAID-in fəaliyyətini dayandırmasını şərh edərək, sözügedən qərarın Ermənistan üçün ağır nəticələrə gətirib çıxaracağını dilə gətirib:
“USAID-in Azərbaycan üçün elə bir maliyyə yardımları yox idi. Planlar da, mənə elə gəlir ki, artıq ya dayandırılmışdı, ya da həmin layihələrin həyata keçirilməsi təxirə salınmışdı. İstənilən halda, Azərbaycana USAID-in göstərdiyi yardım qeyri-hökumət təşkilatları vasitəsilə olurdu. Onların da maliyyələşdirilməsi ilə bağlı hökumətin narazılıqları olduğuna görə, demək olar ki, bu layihələr Azərbaycan QHT-ləri üçün vacibliyini itirmişdi”.
Deputat qeyd edib ki, USAID Ermənistan, Gürcüstan və digər ölkələrə ciddi maliyyə yardımı göstərirdi:
“USAID-in Ermənistanda, Gürcüstanda və müxtəlif ölkələrdə çox ciddi layihələri var idi. Xüsusən də bizim üçün maraqlı tərəf Ermənistana olan maliyyə yardımı barədə danışmaq istərdim. Onların Ermənistanda istər hökumət nümayəndələrinə, istərsə də qeyri-hökumət təşkilatlarına ümumi köməyi ildə 200-300 milyon dollardan daha çox olurdu. Təbii ki, bu köməyin və İrəvana verilən siyasi dəstəyin dayandırılması həm Ermənistan hakimiyyəti, həm də qeyri-hökumət təşkilatları üçün ciddi bir siqnal olmaqla bərabər, eləcə də onların vəziyyətlərini çox çətin duruma salır”.
“Ona görə ki, USAID 44 günlük Vətən müharibəsi zamanı və postmüharibə dövründə, yəni Azərbaycan Qarabağda öz müqəddəratını və suverenliyini bərpa edəndən sonra onlar Ermənistana köməyini daha da artırmışdılar. Maliyyə yardımından əlavə, həm də onlara siyasi dəstək də nümayiş etdirərək Azərbaycana təzyiq göstərməyə çalışır, Azərbaycanın əleyhinə çox ciddi işlər görürdülər. Təbii ki, indi USAID-in fəaliyyətinin dayandırılması Ermənistanın həm vətəndaş cəmiyyəti, həm də siyasi dairələri üçün də ağır fəlakətdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nurlan Cəfəri