Uşaq cinayətkarlığı ilə mübarizədə İsveç təcrübəsi: 13 yaşlı qatillər üçün xüsusi həbsxana hazırlandı - FOTO
Son onillikdə zorakılıq hallarının kəskin artması İsveçi digər Avropa ölkələrindən fərqləndirib və hakimiyyət orqanları qarşısında təxirəsalınmaz bir problem qoyub: adam öldürən uşaqlarla nə etməli?
Yenicag.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İsveç hökuməti keçmişin “yumşaq” yanaşmasının iflasa uğradığını və artıq 15 yaşından kiçik uşaqları sosial qayğı müəssisələrinə göndərmək əvəzinə, həbsxanaya atmaqla sərtləşmək vaxtının çatdığını müdafiə edir.
İsveç hazırda narkotik ticarəti, irimiqyaslı dələduzluq və quldurluqla məşğul olan və onlara ildə təxminən 185 milyard İsveç kronu (20 milyard dollar) qazandıran cinayətkar şəbəkələrin aktiv olduğu dəstə cinayətkarlığı dalğası ilə mübarizə aparır.
Polisin təxminlərinə görə, 17 500 aktiv dəstə üzvü və 50 000 tərəfdaş mövcuddur. Dəstələr sosial mediadan istifadə edərək Skandinaviya ölkələrində qətllər və partlayışlar törətmək üçün yeniyetmələri, bəzi hallarda isə hətta 11 yaşlı uşaqları cəlb edirlər.
Təklif olunan yeni qanuna əsasən, cinayət məsuliyyəti yaşı 15-dən 13-ə endiriləcək və ən ağır cinayətlərə görə məhkum edilmiş azyaşlılar xüsusi həbsxanalarda saxlanılacaqlar. Bu həbsxanalardan biri qızlar üçün nəzərdə tutulacaq.
“Bizdə fövqəladə vəziyyətdir. Keçən il 15 yaşından kiçik 52 uşaq qətl və ya qətlə cəhd şübhəsi ilə məhkəmə proseslərinə cəlb edilib. Yəni biz oğurluqdan, hətta xəsarət yetirməkdən və ya quldurluqdan danışmırıq. Biz qətldən danışırıq”, – ədliyyə naziri Qunnar Strömmer aprel ayında bildirib.
Parlament beş ildən sonra yenidən nəzərdən keçiriləcək bu qanun layihəsinə iyunun 15-də səs verəcək.
Sağçı hökumət iddia edir ki, bu sərt tədbirlər artıq nəticə verir. 2022-ci ildəki 62 nəfərlik pik nöqtədən fərqli olaraq, 2025-ci ildə 44 nəfər güllələnərək öldürülüb. Daha çox dəstə üzvü barmaqlıqlar arxasındadır.
Lakin dəstələrin uşaqları cəlb etməsinin qarşısını almaq daha çətin olacaq. Hökumət isə həbsxananın çəkindirici rol oynayacağını və intensiv reabilitasiya proqramlarının təkrar cinayət törədilməsinin qarşısını alacağını bildirir.
Stokholmdan şimalda yerləşən və ən qəddar yeniyetmə cinayətkarlar üçün yenidən qurulan üç həbsxanadan biri olan Rosersberq həbsxanasında barmaqlıqlar arxasındakı həyat təhsilə yönəldiləcək.
Məhbuslar asudə vaxtlarında televizora baxa, video oyunlar oynaya və ya idman zalında məşq edə bilərlər. Kameralar hər axşam saat 20:00-da bağlanacaq.
Həbsxana rəisi Qabriel Vessman ilk məhbusları yaydan sonra gözləyir. O bildirib ki, böyüklər üçün nəzərdə tutulmuş həbsxanalarla müqayisədə ən böyük çətinlik bəziləri heç vaxt valideynlərindən ayrı yaşamamış yeniyetmələrə təsəlli və dəstək vermək olacaq.
“Onlar burada böyüyəcəklər,” – deyən Vessman əlavə edib ki, həbsxana onlara yetkinlik dövrünü keçməkdə kömək etməlidir. Telefonlara icazə verilmir, şahmat dərsləri isə diqqəti toplamağa kömək edəcək. Lakin onun sözlərinə görə, onların emosional boşalmaya da ehtiyacı var.
İndiyə qədər İsveçin ən ağır cinayət törətmiş azyaşlı hüquq pozucuları ilə sosial xidmətlər məşğul olurdu. Lakin bu sistem geniş şəkildə uğursuzluq kimi qiymətləndirilir. İsveç Milli Audit Ofisinin hesabatında deyilir ki, gənclər evlərində saxlanılan hər on gənc dəstə üzvündən doqquzu yenidən cinayət yoluna qayıdır. Hər on nəfərdən səkkizi isə böyüyəndə həbsxanaya düşür.
Hökumət çoxluğu isə iddia edir ki, həbs etmə ictimaiyyəti qoruyacaq, qurbanlar üçün ədaləti təmin edəcək və dəstələrlə əlaqələri qıracaq.













