!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq evlərində zorakılıq: Dəhşətli FAKTLAR – “Oranın kollektivi bütövlükdə həbs edilməlidir”

!Reklam – Yazi

“Uşaqların fiziki zorakılığa, hətta cinsi istismara məruz qalması, ac-susuz işgəncələr verilməsi, işlədilməsi kimi dəhşətli faktlar saysız-hesabsızdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında internat məktəblərində uşaqların zorakılığa məruz qalması və baş verən bu kimi halların qarşısı alınma yolları haqda danışan sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, yeniyetmənin uşaq evində döyülərək oradan qaçması çox uzun illərdir ki, daim baş verən hadisələrdən sadəcə biridir.

“Uzun müddərtdir ki, belə hadisələrin qarşısının alınması ilə bağlı təkliflər vermişik. Təəssüf ki, heç bir tədbir görülmür. Əminəm ki, bu fakt internat məktəblərində baş verən belə halların ən yaxşı halda mindən biridir. Çünki ictimailəşən belə nadir halları cəmiyyət görür, eşidir. Bu internat məktəblərində mütamadi olaraq dəhşətli vəziyyətlər ortaya çıxır. Uşaqların fiziki zorakılığa, hətta cinsi istismara məruz qalması, başqa bu kimi ac-susuz işgəncələr verilməsi, işlədilməsi kimi dəhşətli faktlar saysız-hesabsızdır. Bir növ qapalı müəssisə xarakteri daşıyır. İctimaiyyətin, medianın oraya nəzarət imkanları yoxdur. Sanki qapalı rejimli cəzaçəkmə müəssisəsi yaradıblar”, – deyə o vurğulayıb.

Sosioloq əlavə edib ki, Azərbaycanda ən azı 20-30 uşaq təşkilatı var.

Lakin heç biri də bu məsələlərlə heç vaxt maraqlanmır, araşdırma aparmır. Sadəcə, dövlətdən vəsaiti alaraq xərcləməklə məşğuldurlar. Bu təşkilatlar belə məsələlərdə rol oynamır. Media isə neçə ildən bir təsadüfi olaraq bir fakt ortaya çıxanda mövzuda yazmağa başlayır. İstənilən vətəndaş, ictimai təşkilat üzvü, jurnalist internat məktəblərinə daxil olmaq, nəzarət etmək, yoxlama aparmaq hüququna malik olmalıdır. Orada bütün hər yerdə birbaşa nazirlikdən müşahidə oluna bilən kamera sistemi qurulmalıdır. Daha sonra uşaqların iki-üç gündən bir kənarla danışığı telefonla yaxud da görüşlər formasında təmin olunmalıdır. Çünki belə hallar olanda anonimlik qorunmaqla uşaqlardan məlumatlar alınmalıdır. Belə üsullar bütün dünya ölkələrində tətbiq olunur. Ona görə də dünyanın nümunəvi ölkələrində bir dəfə də olsun belə hala rast gəlinmir. Bizdə isə faciəvi bir vəziyyətdədir. Bu qədər dəhşətli, faciəvi məsələlər cəmiyyətin heç vecinə də deyil. Ümumiyyətlə belə görünür ki, bu heç kimi narahat etmir”, – deyə o bildirib.

E.Bayramlı qeyd edib ki, bir müddət öncə uşaqların ailələrə verilməsi proqramı var idi:

“Bir az kampaniya xarakterli olsa da, bu da baş vermirdi. Halbuki hazırda uşağa ehtiyacı olan ailələr var. Övladlığa götürmə üsulu ilə bu uşaqları götürə bilərlər, lakin Azərbaycanda sanki qəsdən verilmir. O qədər əngəllər qoyulur ki, bu praktik olaraq mümkün olmur. Belə bir halda ailə mühitindən kənarda qalan, bu kimi müəssisələrdə zorakılığa məruz qalan uşaqlar gələcəyin potensial cinayətkarı olur. Çünki orada çox ciddi travmalar alır, zorakılığa məruz qalaraq psixlogiyaları pozulur və hər şey nifrət oyanmağa başlayır. Onlardan da gələcəkdə cəmiyyət üçün sağlam fərd gözləmək mümkün deyil. İndi bu faktla bağlı orada ciddi cəzalar olacaqmı? Düşünürəm ki, oranın bütün kollektivi həbs olunmalıdır. Bu hadisəni törətməyənlər belə susduğuna, etiraz etmədiyinə görə həbs olunmalıdır. Elə ağır cəzalar tətbiq olunmalıdır ki, bu hal digərlərinə də bir dərs olsun. Yalnız bu halda bu problemlərin bir qədər qarşısını almaq olar. Bunun qarşısı alınmalıdır”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv