Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) ratifikasiya edilməsinin 25 ili tamam olur. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.
20 oktyabr 2017-ci il tarixdə 23 saylı tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlərin təşkil edilib keçirilməsinə start verildi. Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə Nəsimi rayon tam orta məktəblərində təhsildə fərqlənən, idman və musiqi sahəsində xüsusi istedadı olan, həmçinin olimpiada və bilik yarişlarının qalibləri və məcburi köçkün ailələrindən olan məktəblilər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. G.Verdiyeva bildirdi ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.Yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, maraqlı, yaddaqalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilib keçirilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlətimiz tərəfindən uşaqların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqların sağlamlığı və layiqli vətəndaş olmaları üçün həyata keçirdiyi iri miqyaslı layihələr barədə məlumat verdi. Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə müşaviri Nigar Agayeva çıxış edərək bildirdi ki, “Uşaq hüquqları aylığı” çərçivəsində keçiriləcək tədbirlər uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə və uşaqların fəallığına xidmət edir.
Keçirilən tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir qrup Nəsimi rayon məktəblərinə uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştiraklarına görə diplomlar təqdim edilmişdir.
Tədbir 23 saylı tam orta məkrəbin şagirdlərinin təşkil etdiyi konsetr proqramı ilə başa çatdı.