Hərbi jurnalist Səxavət Məmmədin 44 günlük Vətən müharibəsindən bəhs edən “Savaş və duman” adlı sənədli romanı nəşr edilib.
Yenicag.az xəbər verir ki, “Çapar” Yayınları tərəfindən çap olunan kitabda kitabda hərbi jurnalist Səxavət Məmmədin 44 günlük Vətən müharibəsi dönəmində şahidi olduğu və yaşadığı hadisələr, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və savaş sırasında ortaya çıxan çətinliklərin peşəkarlıqla dəf edilməsindən, həmçinin şəxsi heyətin qəhrəmanlıqlarından bəhs olunur.
Müəllifin özünəməxsus şəkildə nəql etdiyi hadisələr zəncirinin əhəmiyyətli hissəsi bu günə qədər heç bir yerdə yayımlanmamış, onun özünün adları çəkilən birinci şəxslərdən öyrəndiyi və ictimaiyyətə açıqlanmayan gerçəklərdir.
Səxavət Məmməd Birinci Qarabağ müharibəsində yaşanan məğlubiyyətin və torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinin səbəblərinə toxunur, çoxillik işğal dövründə müdafiə sahəsində stratejik həmlələrin zəfərin əldə olunmasında oynadığı rolu müqayisəli şəkildə analiz edir.
İlk müharibədə qaçqın həyatı yaşayan Səxavət Məmməd oxucunu real savaş təsvirlərinin həyəcanından öz başından keçən hadisələrin duyğu dolu dünyasına sürükləyir.
Səxavət Məmmədin Vətən müharibəsi haqqında yazılmış ilk sənədli romandır.
Qeyd edək ki, kitabın redaktorları Araz Zeynalov və Aqil Bəkir, texniki redaktoru Yusif İlhamoğlu, hərbi məsləhətçilər isə Elxan Şıxəliyev, Tərlan Eyvazov və Rövşən Məhərrəmovdur.
www.yenicag.az