Son dövrlərdə “Uber”, “Bolt”, “Yango” və s. kimi taksi şirkətləri populyarlaşıb. Paytaxtımızda minlərlə həmin şirkətlərə məxsus taksi sürücüləri var. Amma sosial şəbəkələrdə həmin sürücülərlə bağlı bir o qədər də şikayət paylaşılır. Belə ki, kimisi narkotik, kimisi alkoqol istifadəçisi olur, kimisi də xanım müştərilərə qarşı etik olmayan davranışlar sərgiləyir.
Bəs bu cür hadisələrin qarşısını necə olmaq olar? Taksi sürücüləri işə qəbul edilmədən öncə niyə yoxlanışlardan keçirilmir?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu problem nə qədər işıqlandırılsa da, hələ də davam edir:
“Təkcə xarici şirkətlərlə bağlı şikayətlər paylaşılmır. Yerli şirkətlərdə də eyni proses baş verir. Vətəndaşlar aktivlik göstərməlidir. Belə hallarla qarşılaşdıqları zaman müştəri xidmətlərinə məlumat verməlidirlər.
Kütləvi şikayətlər olsa, bu problem tədricən azala bilər. Bundan əlavə, sürücülər işə götürülərkən müəyyən yoxlanışlardan keçməlidir.
Sərnişin sürücü münasibətlərinə də diqqət yetirilməlidir. Bəzən sürücü kartla ödəniş edən şəxsləri qəbul etmir. Nə etmək lazımdır? İnsanları maarifləndirmək və sürücülük vəsiqəsi ilə bağlı qanunvericiliyə nəzarət etmək lazımdır”.
Hüquqşünas Sahib Məmmədli isə qeyd edib ki, həmin taksi şirkətləri aqreqatorlardır:
“Taksi sürücüləri və şirkətlər arasında əmək müqaviləsi bağlanılmır. Buna görə də nə sürücünün, nə də şirkətin hüquq öhdəlikləri olmur. Avropa İttifaqı ölkələrində məcbur edirlər ki, əmək müqaviləsi bağlanılsın və tibbi yoxlanış aparılsın.
Azərbaycanda aqreqatorlar vasitəsi ilə taksi xidmətlərinin göstərilməsini qanunvericilik tənzimləməlidir. Hansısa müvəqqəti tədbirlərlə bu problem həll edilməyəcək. Qanunvericilik yoxdur deyə, sürücülər də istədiklərini edirlər”.
Şahanə Paşa
www.yenicag.az