“Hər hansı şirkətdə səhmdarların sayı nə qədər çox olarsa, onun hesabatlılığı, şəfafflığı, qərarlarının qəbulu daha da təkmilləşəcək”.
Bu fikirləri Azərbaycanda SOCAR da daxil olmaqla, dövlətə məxsus böyük şirkətlərin səhmlərinin bir hissəsinin yerli və ya xarici investorlara satılması üçün ilin sonuna qədər təkliflərin hazırlanacağına dair məlumatı şərh edən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, sözügedən özəlləşdirmənin qaydaları layihə çıxdıqdan sonra məlum olacaq.
“Fikrimcə, sözügedən özəlləşdirmənin qaydaları layihə təqdim edildikdən sonra məlum olacaq. Lakin hər hansı ölkənin şirkəti səhm bazarına çıxırsa, orada heç bir məhdudiyyət ola bilməz. Azərbaycan şirkətləri istiqrazlarını mütamadi olaraq, bazara yerləşdirir.
Ən sonuncu istiqraz yerləşdirmə işini “Azərqold” şirkəti həyata keçirib. Eyni qaydada səhmləri də fond birjasında yerləşdirə bilirlər. Səhmləri Frankfurt, London kimi xarici bazarlarda satışa çıxarmaq istəsələr, bu qərarlarında sərbəstdirlər. Əgər Azərbaycan vətəndaşı dünyanın nəhəngi şirkətlərinin səhmlərini birjalardan əldə edə bilirlərsə, onların SOCAR-ın müəssisələrinin səhmlərini ala bilmələrində heç bir məhdudiyyət ola bilməz.
Hər hansı bir şirkət səhm bazarına girəcəksə, əlbəttə, burada hər hansı məhdudiyyət olmayacaq. Ümumiyyətlə, dünya çapında böyük şirkətlərin hamısı özəl sektora aiddir və onların səhmləri açıq bazarda alınıb-satılır. Onlar SOCAR-dan dəfələrlə böyük şirkətlər olduğunu da vurğulaya bilərik.
Belə böyük şirkətlər səhmlərini açıq bazara çıxara bilirsə, burada heç bir problem ola bilməz. Əksinə, hər hansı şirkətdə səhmdarların sayı nə qədər çox olarsa, onun hesabatlılığı, şəfafflığı, qərarlarının qəbulu daha da təkmilləşəcək. Bu da korporativ idarəetmənin yaxşılaşmasına gətirib çıxaracaq”.
İsmayıl Bakuvi
www.yenicag.az