Vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz olaraq mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və yeni qeydiyyat şəhadətnamələrinin verilməsi müqabilində vətəndaşlardan rüşvət almaları barədə məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, ibtidai istintaqla Kənd Təsərrüfatı Nazirliyinin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin Dövlət nəzarəti şöbəsinin müdir müavini Rəşad Yolçiyevin qeyd olunan vəzifələrdə işlədikləri dövrdə vəzifə səlahiyyətlərini aşmaqla qabaqcadan cinayət əlaqəsinə girərək 2022-ci ilin sentyabr ayından 2025-ci ilin mart ayınadək olan müddətdə qanunsuz olaraq mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və yeni qeydiyyat şəhadətnamələrinin verilməsi müqabilində onlara müraciət etmiş çoxsaylı vətəndaşlardan ümumilikdə 77 min manat məbləğində pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.