VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat
Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı bəyanat qəbul edib.
Bəyanatda deyilir:
“Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanlara- uşaqlara, qadınlara və qocalara yalnız etnik mənsubiyyətlərinə görə qarşı törətdikləri qətliamdan 34 il ötür. Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri tarixi düşmənçiliyin təkzibedilməz sübutudur. Eyni zamanda, bu soyqırımı aktı yüz il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri genosid faktının davamıdır.
Ermənilər özlərinin beynəlxalq cinayətlərini uydurma “erməni soyqırımı” adı altında ört-basdır etmək, dünya ictimaiyyətini aldatmaq və Azərbaycan xalqının tarixi əraziləri hesabına özlərinə dövlət yaratmaq məqsədi güdmüş və bu məqsədə çatmaq üçün terror və genosid faktları da daxil olmaqla ən iyrənc vasitələrə əl atmışlar.
Bu faciə bəşəriyyətə qarşı cinayət aktı kimi “Xolokost”, “Qolodomor” və digər genosid aktlarına bərabərdir. Təəssüf ki, dünya uzun illər həm Xocalı soyqırımına, həm də Azərbaycan torpaqlarının işğalına göz yummuşdur. İyirminci əsrin ən böyük genosid hadisələrindən biri olan Xocalı soyqırımını törətməklə ağır bəşəri cinayətə yol verdiklərinə görə ermənilər, əslində, bu bölgədə beynəlxalq hüquqdan hər hansı bir qaydada yararlanmaq hüquqlarını itirmişdirlər.
Ərazi bütövlüyümüzün təmin edilməsi və işğalçının cəzalandırılması Azərbaycan xalqının milli birliyinə güvənən qəhrəman ordumuz sayəsində həyata keçirilmişdir.
Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, mövcud beynəlxalq hüquq çərçivəsində dövlətimiz tərəfindən görülən ardıcıl tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan bütün şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcəkdir. Beynəlxalq təşkilatlar və dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verməli, həmin cinayəti törədən şəxslərin layiqli cəzalarını almaları üçün səylərini artırmalıdırlar.”













