VII Bakı Beynəlxalq Bank Konfransı başa çatıb
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin Maliyyə Bank Şurasının və Azərbaycan Beynəlxalq Bankının (ABB) birgə təşkilatçılığı ilə keçirilən MDB-nin VII Bakı Beynəlxalq Bank Konfransı noyabrın 15-də işini davam etdirib.
Konfransın plenar iclası “Xəzəryanı regionda infrastruktur layihələri Birlik məkanında islam maliyyələşdirməsinin inkişafı üçün yeni imkandır” mövzusuna həsr edilib.
İclas “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İslam bankinqi departamentinin direktoru Behnam Qurbanzadənin və MDB Maliyyə-Bank Şurasının baş direktorunun müavini Əhməd Qəhrəmanovun moderatorluğu ilə keçib. “Kompaniya NİTS” QSC-nin Müşahidə Şurasının sədri Aslambek Aslaxanov, “Azovski morskoy port” ASC-nin Direktorlar Şurasının sədri Andrian Sinebok, “PromEkoAlyans” QSC-nin baş direktoru Arnold İvanov, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Avropa və MDB ölkələri üzrə baş regional meneceri Samir Tağıyev, Hindistan-Rusiya Kommersiya və Sənaye Palatasının icraçı üzvü, Hindistan-Rusiya Ticarət Evinin prezidenti Sekar Mariappan, Çin Xalq Respublikasının Sintsyan-Uyqur Muxtar Rayonunun Sərhəd ticarəti idarəsinin rəisi Mutalif Sopu və başqaları mövzu üzrə məruzələrlə çıxış ediblər.
Natiqlər Xəzəryanı regionun tranzit potensialından istifadə olunması və Çin-Avropa iqtisadi zolağının formalaşdırılması üçün əlverişli şəraitin yaradılması zamanı ticarətin və yük dövriyyəsinin inkişafından, Birlik məkanında inteqrasiya əlaqələrinin inkişafının vacib elementi kimi Xəzəryanı regionun infrastruktur layihələrindən, Avropa-MDB-Çin məkanında vahid nəqliyyat-logistika dəhlizinin yaradılmasının və inkişaf etdirilməsinin aktuallığından, MDB dövlətlərinə investisiya resurslarının axınının əlavə mənbəyi kimi islam maliyyələşdirməsindən və həmin maliyyələşdirmənin köməyi ilə investisiya layihələrinin həyata keçirilməsində ABB-nin təcrübəsindən söz açıblar.
Konfransda MDB-nin iştirakçısı olan ölkələrin hökumət və nazirliklərinin, beynəlxalq inkişaf təsisatlarının, habelə milli bankların, iri biznes-strukturların 200-dən çox nümayəndəsi iştirak edib. Təşkilatçılar iştirakçılar üçün ekskursiya proqramı da nəzərdə tutublar. Konfrans başa çatandan sonra iştirakçılar Bakının görməli yerləri ilə tanış olublar.