!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

VİRAN YURD - Yaşantıların ən ağırı, ağrıların ən betəri - REPORTAJ

!Reklam – Yazi
Ağdam necə yer idi, havası necə qoxurdu, göy üzünün rəngi necə idi, qəti şəkildə xatırlamıram.
Həmişə düşünürdüm, görəsən, mənim doğulduğum doğum evinin, ilk ayaq açıb yeridiyim evin neçə daşı daş üstündə qalıb? O evi tapa biləcəyəmmi, görəcəyəmmi? Ümumiyyətlə, orda ev deyə biləcəyimiz salamat tikili qalıbmı? Qalmayıb, əlbəttə. Çünki ermənilər Ağdamı şəhər görkəmindən çıxarmaq üçün əllərindən gələni ediblər. Onlar bu gözəl şəhərin hər yoluna, hər cığırına, hər daşına təcavüz ediblər. Onlar bizim xatirələrimizi zorlayıblar, keçmişimizlə gələcəyimiz arasındakı körpünü məhv ediblər.
Ramiz Rövşən Vahid Qazinin qələmə aldığı “Ruhlar şəhəri” kitabına yazdığı ön sözdə Ağdamı belə təsvir edib: “Şuşa Qarabağın ən gözəl, Ağdamsa ən varlı şəhəri sayılırdı… Ermənilər Ağdamı axırıncı daşına, kərpicinə, taxtasına, mismarınacan söküb-aparıblar və o tikinti materiallarının hesabına Stepanakerti təzədən qurublar. Amma mən inanmıram ki, bu gün Ağdamın hesabına tikilmiş o evlərdə yaşayan ermənilər Stepanakerti də varlı şəhər saysınlar. Çünki varlı olmaq təkcə dəbdəbəli ev-eşiklə, pulla, malla ölçülmür. Bu həm də insanın içindən gələn bir hissdi, duyğudu. Hər halda mən bir vaxtlar “haralısan” sualına bütün Qarabağda ağdamlılar kimi qürurla, hətta bir az da təkəbbürlə cavab verənlərə rast gəlməmişdim. Və bəlkə də Ağdamı o cürə qəddarlıqla dağıdıb xaraba qoyan ermənilər ağdamlılardan həm də o qürurun, təkəbbürün acığını çıxmışdılar”.
Ramiz Rövşən çox dəqiq təsbit etmişdi. Ermənilər Ağdamdan qisas alıblar. Onlar Ağdamı şəhid ediblər.
Maşınımız Ağdama daxil olanda bədənimdə bir süstlük hiss etdim. Yeriməyə yeni başlayan uşaq kimi addımımı hara atacağımı bilmirdim. Fotoqrafımız Mahir müəllim “Şəhərə çatdıq” deyəndə diksindim.
Şəhər? Burda şəhərdən əsər-əlamət qalmayıb. Əvvəli ilə sonu, başı ilə ayağı, yeri ilə göyü birləşib Ağdamın. Şəhərdə inni-cinni top oynayır. Ermənilər tarixi abidələrin, xəstəxanaların, kitabxanaların, məktəblərin, ofislərin, qəbirstanlıqların daşını daş üstündə qoymayıb. İndi bu ölü şəhərdə xatirələri diriltmək də çətindir.
Bu mənzərədən sarsılmaq üçün mütləq deyil ki, ağdamlı, qarabağlı, azərbaycanlı olasan. Bu şəhəri ağı deyib ağlamaq üçün insan olmaq yetərlidir. Ağdam mənim valideynlərimin xatirələrindəki Ağdam deyildi, təbii ki. Mən orda anamın, atamın, nənə və babamın bəhs etdiyi heç nəyi tapa bilmədim. Yaddaşımın hər küncünü axtardım. Hər küncünü… Amma alınmadı. Mənim xatirələrim “İmarət” məhəlləsindən o tərəfə keçmir axı… Mən nəyi axtarırdım, İlahi?
Köhnə “Kommunist”, sonralar “20 Yanvar” adı verilən küçədə “İmarət”ə çatmamış sağa əyilən bu dalandan bizim həyətimiz başlayırdı. Bura mənim həyatla ilk tanış olduğum evdir. Düzdü, o yerdə ev görünmür. Amma mən evimizin ruhunu görürəm. Təkcə insanın ruhu olmur. Evin də, şəhərin də, ağacın da ruhu olur. Mən evimizin ruhunu gördüm.
“İmarət” mənim yaddaşımda daha çox çinar ağacları, gözətçi Məhərrəm babanın zəhmli baxışları ilə qalıb. Girişin sol tərəfində stadion, sağ tərəfində məzarlıq yerləşirdi.
İmarətdə üç çinar ağacı var idi ki, onların tarixi çox qədim idi. Ata nənəm o vaxt danışardı ki, həmin çinarlar Pənahəli xanın vaxtından qalma çinarlar idi. Ümumilikdə İmarətdə 14 çinar ağacı olub, amma indi o çinarların heç kötüyü də qalmayıb. Məni həmişə o çinarların taleyi düşündürürdü. Hələ uşaq vaxtı eşitmişdim ki, ermənilər İmarətin həyətindəki çinar ağaclarını kəsib xarici ölkələrə satıblar.
İmarət işğala qədər səsli-küylü, çal-çağırlı bir yer olub. Ağdam Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə tez-tez İmarətdə Bakıdan gələn mədəniyyət və incəsənət xadimlərinin konsertləri keçirilərdi. “Qarabağ” futbol komandasının (o vaxt “Şəfəq” idi) respublika və ittifaq səviyyəli oyunlarının, “Natəvan qızlar bayramı”nın, “Xarıbülbül Festivalı”nın keçirildiyi, çal-çağırın əskik olmadığı İmarət indi ölü bir sükuta qərq olub. Torpağında ot da bitmir. Səmasında quş da uçmur. Yalnız boz çəyirtkələr və xatirələrin külü uçuşur xarabalıqların arasında.
Küçəmizdən keçərkən, bir də çevrilib evimizin yerinə baxıram. Mənim orda yaşadıqlarımdan çox yaşamdıqlarım qalıb. Adam yaşaya bilmədiklərinin də xiffətini çəkərmiş. Mənim xatirələrim evimizin içindən çox altı ilə bağlıdır. Mərmilər şəhərə yağış kimi yağan günlərdə biz evin üstündən çox altında yaşayırdıq. Qaranlıq qorxuma ilk dəfə o evin altında qalib gəlmişəm. Bizi ölümdən qoruyan o evin indi nə altı görünür, nə üstü.
Ağdam 1154 kvadrat metrlik məzarlığa çevrilib. Burda çox az evlərin xarablıqları qalıb. Əksər evlərin yerində təpəciklər meydana gəlib. Elə bil evlər özlərini dəfn edib. Geniş yollar daralıb, cığırlar, dalanlar itib.
Biz bu şəhəri xatırlamırıq, çoxumuz heç görməmişik. Amma bu şəhər görməsək, xatırlamasaq belə, həmişə bizim olan şəhərdir. Ürəyimiz həmişə bu şəhərin ara küçələrində, naməlum yollarında, əsrarəngiz döngələrində indi xarabalıqların yerləşdiyi yerlərdə döyünüb.
Dayandığım bu küçə bilmirəm hansı küçədir. Uzaqdan 1868-ci ildə tikilmiş və tarixi abidə sayılan Cümə Məscidinin minarələri görünür. Ora doğru addımlayıram. Yolu özüm yox, ayaqlarım tanıyır. Mən bu yolu 1992-ci ildə anamla getmişəm. O gün yerlə-göyün fəryaddan lərzəyə gəldiyi gün idi. Xocalıda baş verən dəhşətli faciənin səhəri anam və bir dəstə qadınla Cümə Məscidinə tərəf qaçırdıq. O gün burda yüzlərlə Xocalı şəhidi üçün fəryad qopmuşdu.
İşğaldan sonra qismən dağılsa da, Ağdamda daşı daş üstündə qalan yeganə tikilidir Cümə Məscidi. Amma ermənilər üçün yer üzündə müqəddəs sayılan heç nə yoxdur. Onlar bu məscidi dağıtmasalar da, təhqir etməkdən də qalmayıblar. İllər əvvəl Cümə Məscidindən çəkilən fotolarda müqəddəs məkandan tövlə kimi istifadə etdiklərini görmüşdüm. O fotoları nəinki mən, bütün dünya görmüşdü. Dünya bəlkə də unudacaq bu mənzərəni, amma biz unuda bilməyəcəyik. Unutmamalıyıq da.
Uinston Çörçill İkinci Dünya Müharibəsinin alovları söndükdən sonra bəyan etmişdi ki, “keçmişin bütün dəhşətlərinə pərdə çəkilməlidir”. Amerikalı filosof Xorxe Santayana isə belə düşünürdü: “Kim keçmişin dəhşətlərini unudarsa, onları yenidən yaşamalıdır”. Seçim indi bizim əlimizdədir. Bir tərəfdən unutmaq, digər tərəfdən keçmişə yapışmaq. Ağrıları unutmaq düşməni bağışlamağa aparan yolun başlanğıcıdır. Bəs biz bu vəhşilikləri bağışlamağa hazırıqmı?
Məscidlə üzbəüz bu yerdə bir vaxtlar şəhərin simvollarından birinə çevrilən məşhur “Çay evi” olub. “Çay evi”nin real hekayəsini mənə siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev danışmışdı. “Çay evi”nin ideyası “Yaponiya” jurnalında imperatora məxsus sarayın formasından götürülüb. Çin-Yapon memarlıq üslubunda tikilən “Çay evi”nin ideya müəllifi və tikilməsi Sadiq Murtuzayevə, maketinin müəllifliyi isə mərhum Xudu Məmmədova məxsus olub. Tikinitiyə də mərhum Xudu müəllim özü rəhbərlik edib. Sadıq müəllim Xudu müəllimlə oturub söhbət edirmişlər, çay evinin forması necə olsun ki, SSRİ rəhbərliyi buna icazə versin, axı “Çay evi” məscidə gələnlər üçün tikilirdi. Sonra deməsinlər ki, Ağdamda dindarlar üçün şərait yaradılır. Oturub söhbət edən zaman Xudu müəllim Yaponiyadan ona göndərilən jurnalı vərəqləyirmiş. O zamanlar SSRİ-Yaponiya münasibətlər inkişaf edirdi. Təsadüfən Kioto adasında olan Mikado-Yapon İmperatorunun sarayı onun diqqətini cəlb edir və “Çay evi”ni bu formada tikmək qərarına gəlirlər. Beləliklə, nə hökumət bir söz deyə bilir, nə də əhali… Beləcə “Çay evi” tikilir.
Xudu Məmmədovun “Çay evi” tikilən illərdə yazdığı bayatı düşür yadıma.
Bu qala bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Amma işğal illərində ermənilər bu unikal memarlıq abidəsini yandıraraq məhv ediblər. İndi onun yerində bir ovuc paslı dəmir qırıntılarından başqa bir nişanə görmək mümkün deyil.
Şəhər meydanındayam. Buranın Ağdamın mərkəzi olduğunu yalnız yolun sağında görünən Ağdam Dram Teatrının qalıqlarından anlamaq olur. Başqa heç bir nişanə yoxdur ki, buranın nə vaxtsa şəhər əhlinin bəzənib-düzənib gəzintiyə çıxdığı, yanından ötüb kinoya, teatra, restorana getdiyi, Fərhadın əlində külüng olan heykəlinin olduğu həmin məşhur şəhər meydanı olduğunu xatırlatsın.
300 nəfər tamaşaçı tutumu olan Ağdam Dram Teatrından geriyə yalnız 3 tağdan ibarət divar qalıb. Teatr binasının qalıqları ilə üzbəüz yolun əks istiqamətindəki qaraltı isə köhnə mehmanxana olub. Altında qızıl mağazası fəaliyyət göstərirdi.
Aydın Qurbanovun (anamın bibisini həyat yoldaşı) işlətdiyi qızıl-zinət əşyaları və ən dəbli geyimlərin satıldığı məşhur univermaqdan isə ümumiyyətlə, əsər-əlamət qalmayıb.
Ağdamın məşhur univermaqlarından biri də “Abunun univermağı” idi. Oranın da tanınası halı qalmayıb.
İşğalçı ermənilər şəhəri elə amansızcasına dağıdıb, məhv edib ki, burada adam nəinki yolunu, xatirələrini də azır. Keçmişə dair heç bir nişanə qalmayıb bu boyda şəhərdə. Şəhər boş, kimsəsiz və virandır. Fiziki olaraq var olmayan bir şəhərdəyəm. Çünki Ağdamda gedirsən, gedirsən, heç bir yerə çata bilmirsən.
Ağdam 1 nömrəli məktəbin yerində tikintisinə başlanılan möhtəşəm məktəb binası bu boz çöllükdə işıq kimi görünür.
Bu məktəb Qarabağ bölgəsinin peşəkar baxımdan ən qədim məktəbi hesab olunur. Məktəbin əsası 1883-cü ildə Əsgər bəy Eyvazov tərəfindən qoyulub. Əsgər Eyvazov Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alan bir ziyalı idi.
Fotoqrafımız Mahir müəllim yaxınlığında dayandığımız xarabalığı göstərib oranın Ağdamın ən qədim hamamı olduğunu deyir. Onda anlayıram ki, məşhur “Hamam məhəlləsi”ndəyəm. Bu hamamı Xan qızı Xurşud Banu Natavan tikdirib. Ermənilər Ağdamı işğal edənə qədər hamam fəaliyyət göstərirdi. Bu hamama nənəm bizi tez-tez gətirərdi. Hamının evində hamam olmasına baxmayaraq, Ağdamda hər həftə sonu hamama getmək bir ənənə idi, istirahət idi. Ancaq indi hamam da digər tikililər kimi xarabalığa çevrilib.
Dayandığım küçə Əli İbrahimov küçəsi, 1-dir. Keçmiş baş redaktorum “525- ci qəzet”in baş redaktoru Rəşad Məcidgilin evi də səhv etmirəmsə, bu məhəllədə yerləşib. İndi burda hansı ev kimindir, ayırd etmək müşkül məsələdir. Bütün evlər bir-birinə bənzəyir – viran, xaraba… Bu xarabalıqlardan birinin həyətində samovar tüstülənirdi. Əvvəl elə bildim məni qara basır. Qəfil gələn səsdən dik atıldım.
– Gəlin, qonağımız olun…
Nar ağaclarının arasından gələn səsə tərəfə boylandım. Yox, məni qara basmırdı. 30 il əvvəl evindən çıxan daha bir ağdamlı gedərkən özü ilə apardığı samovarı ilə geri qayıtmışdı. Öz həyətlərində süfrə açıb, samovar qaynadırdı. Adam bu mənzərə qarşısında bilmirdi kədərlənsin, yoxsa sevinsin. Uşaq kimi sevinirdi həmyerlim. Keçib həyətdə açılan xudmani süfrənin başında oturdum. Bu mənim Ağdamda 30 il sonra qonaq gəldiyim ilk ev, ilk həyət idi. Əvvəllər harda, hansı həyətdə qonaq olduğumu xatırlamıram. Amma bu qonaqlıq mənim yəqin ki, ömrümün sonuna kimi yadımdan çıxmayacaq.
Yuxu kimi gəlir hər şey mənə. Köçkün düşdüyümüz illər kimi. Ağdamdan top-tüfəng altında çıxıb ora-bura səpələndiyimiz o illərdə həmişə mənə elə gəlirdi ki, bu yaşadıqlarımızın hamısını yuxuda görürəm. Uzun müddət mən yuxudan oyanıb öz evimizə gedəcəyimizə inanmışam. Bəlkə də doğurdan da mənim yaşadıqlarım yuxu idi və mən o yuxudan 29 il sonra ayılmışdım.
Ev sahibi ilə sağollaşıb yenidən izlərin itdiyi, boz küçələrə üz tuturam. Bu küçələrin məni hara aparıb çıxaracağını bilmirəm. Küçələrdən hərdən bir inşaat materialları, fəhlələrə yemək daşıyan maşınlar keçir. Burda o qədər dərin bir səssizlik var ki, gəlib keçən maşınların səsini şəhərin hər tərəfindən eşitmək mümkündür.
1 nömrəli məktəbin yanından yuxarı qalxan küçədə (Əzizbəyov küçəsi) yola düzəlirəm. Deyəsən, bu küçə məni Ağdamın məşhur bazar yerinə, pasaja aparıb çıxaracaq. Ağdam bazarı haqqında hər yerdə gəzib-dolaşan, əfsanəyə çevrilən söhbətləri xatırlayıram.
“Atom bombası varsa, demək Ağdam bazarında tapmaq olar”. O bazarda nə axtarsan, tapmaq mümkün idi. Ağdam bazarı nəinki Azərbaycanda, bütün SSRİ-də məşhur idi. Bakıda tapılmayan defisit malları gəlib Ağdam bazarından alıb aparardılar. İtalyan, fransız kostyumları, paltoları, ayaqqabılarını regionda ancaq Ağdam bazarında tapmaq mümkün idi. Mən isə bazar deyilən yerdə ucsuz-bucaqsız boşluq gördüm.
Ağdamın növbəti məşhur yerlərindən biri də Çörək Muzeyidir. SSRİ-də birinci, dünyada ikinci olan bu nadir muzey indi yoxdur. Muzeydən geriyə təkcə divarlar qalıb. Yenidən bərpa etmək də mümkün olmayacaq, böyük ehtimal. Binanı tikməyə nə var ki, tikilər. Bəlkə əvvəlkindən də gözəli tikiləcək. Amma onun içindəki eksponatları yenidən tapmaq, toplamaq bir az müşkül məsələdir. Muzeydə nadir çörək və buğda nümunələrinin böyük bir hissəsi yanaraq məhv olub. Həmin eksponatların bir hissəsini muzeyi ziyarətə gələn əcnəbi qonaqlar bağışlamışdılar. Belə eksponatlar arasında ən məşhuru Qalina Konayeva adlı bir qadının Sankt-Peterburq şəhərindən gətirdiyi “blokada çörəyi” idi. İkinci dünya müharibəsi zamanı Sankt-Peterburq şəhəri uzun müddət faşistlərin mühasirəsində qalmışdı. O zaman şəhər əhalisinə adambaşı gündəlik çörək norması olaraq 125 qramlıq qara çörək verilirdi. Konayeva həmin günlərin yadigarı olaraq bir çörək tikəsini gətirib Çörək Muzeyinə bağışlamışdı.
Nənəmgilin evini axtarıram. 1941-1945 abidəsinin yaxınlığında yerləşən yeni tikilib təhvil verilən beş mərtəbəli binaları gəzir gözüm. Amma tapa bilmirəm. Nə bina qalıb, nə mərtəbəsi. Hər şey bir ovuc torpaq olub burda. Uçan təkcə binalar, evlər deyil. Bu yerlərdə xatirələr də uçub, xəyallar da zərbə alıb. Arzular da şil-küt olub. Gəzməkdən yox, bu mənzərəni seyr etməkdən heydən düşür adam. Belini qaldırmaq istəyirsən, yenə özünü iki qat tapırsan. Dik gəzmək olmur bu xarabalıqda. Hər daş, hər cığır, hər uçan ev üstünə ağlayır adamın.
Bu yerləri xatırlayan nəsil də tükənir artıq. Adamı ən çox ağrıdan həqiqətlərdən biri də budur. Ağdamı ruhunda, beynində, yaddaşında gəzdirən adamları Bakının daş küçələrində, beton evlərində itirdik. Sarı torpağına tapşırdıq.
Mən Ağdamın ağ yox, qara günlərini xatırlayıram daha çox. Mənim xatırladığım Ağdamda hər gecə işıqlar sönürdü, həyəcan siqnalı eşidilirdi. Bir gecə sağ qonşunun, bir gecə sol qonşunun evinə mərmi düşürdü. Ölüm xəbərləri ilə açılan səhərlərlə qalıb yaddaşımda Ağdam. Mən Ağdamın heç işıqlı gününü görmədim. Qaranlıq, tüstü, haray… 29 ildir xatırladığım Ağdamım budur mənim. Amma qəribədir ki, mən bu ağrılı xatirələri nə vaxtsa unudacağımdan daha çox qorxmuşam həmişə. Bu vəhşiliyi erməniyə bağışlamaq istəməmişəm.
Ağrıları çox olan heç bir cəmiyyət yaşadığı acı xatirələri unutmağa və unutdurmağa çalışmır. Məsələn, afroamerikalılar əcdadlarının yaşadığı köləlik dövrünü unutmaq istəmirlər. 1944-cü ildə Oradour-sur-Glane şəhərində güllələnən, yandırılaraq öldürülən qurbanların nəvələri bu cinayətin yaddaşlardan silinməsini istəmirlər. Onlar hətta kəndin xarabalıqlarını qoruyub saxlamağa çalışırlar.
Biz də yaddaşımızın qara səhifəsini hər zaman diri tutmaq üçün Ağdamın bir hissəsini muzeyə çevirməliyik. Bu dağıntılar bizi bundan sonra ayıq-sayıq saxlaya bəlkə.
Uşaqlıqdan Ağdam yas mərasimlərində eşitdiyim bir bayatı var. Ağdamlısansa, dünyanı dəyişmisənsə, səni mütləq o bayatı üstündə ağlayacaqlar:
Dur gedək Şahbulağa,
Suyu meyxoş bulağa,
Birin sən de, birin mən
Tökək qan, yaş bulağa…
Ağdam camaatının yaslarını bu bayatısız təsəvvür etmək mümkün deyil. 28 il Ağdamı ölülərimizlə birlikdə beləcə ağı deyib ağlamışıq. İndi o bayatının izi ilə gəlib çıxmışam Şahbulaq kəndindəki qalaya. Qarabağ xanı Pənahəli xanın 1751-1752-ci illərdə inşa etdirdiyi qalaya da müdaxilə edib ermənilər. Amma tariximizi, keçmişimizi saxtalaşdırmaq cəhdləri baş tutmayıb. Ermənilər 28 il Şahbulaq qalasından müşahidə postu kimi istifadə ediblər. Qalanın ətrafında qanunsuz qazıntılar aparmaları, guya, buranın qədim Tiqranakert şəhəri olduğunu sübut etməyə çalışmaqları isə ermənilərin növbəti həyasızlığının sübutu idi.
Şahbulaq qalasının çölü doğma olsa da, içi mənə yad gəldi. Çünki ermənilər burda restavrasiya işləri apararkən qalanın qədimliyini tamamilə itirməyə çalışıblar. Ağrılıdır, amma deməliyəm ki, qismən də olsa, nail ola biliblər. Təkcə həyətdəki çinar ağacları doğma gəlir adama. Bu çinar ağaclarının da öz hekayəsi var. 33 il əvvəl əkilən bu çinarlar oğul atası olan bir atanın sevincinin nişanəsidir. İndi onlar böyüyüb başı buludlara dəyir. Şəhərdə, kəndlərdə bütün ağaclar məhv olub. Gözümüzə görünən ağacabənzər kol-koslar isə öz-özünə, yabanı şəkildə bitən ağaclardır. Təkcə Şahbulaq qalasının içindəki bu qoşa çinar düşmənin amansızlığından gizlənə bilib.
Müharibə görən hər kəs üçün müharibənin ağrı yükü silahların çəkisindən də ağırdır. Vətəni tərk etmək, yaxınlarını itirmək yükü yaşantıların ən ağrılısıdır. Amma ondan da betər ağrı varmış. Yurdunu viran görmək. Ermənilər təkcə insanların deyil, bütün canlıların, təbiətin, maddi-mənəvi nə varsa, hər şeyin qatilidir. Məşhur ərəb səyyahı İbn Xəldunun da dediyi kimi, “coğrafiya taledir”. Bu qatil ruhlu millətlə eyni coğrafiyanı paylaşmaq da bizim taleyimizdir.
Artıq şər qarışır. Günəş ağır-ağır köçünü göy üzündən çəkirdi. Ağdamı yenidən şəhər etmək üçün çalışan fəhlələr üçün isə hələ gün bitməyib. Ağdama ayaq basanda kövrələ bilmədim. Heç nə hiss etmirdim çünki. Adam bir yerdən bərk yıxılanda əvvəl ağrını hiss etmir. Amma bir müddət keçir dözülməz ağrı baş qaldırır. 29 il işıq gəlməyən Ağdamda ordan-burdan işıqlar yanmağa başlayanda mənim də ağrılarım baş qaldırdı. Bu, bir möcüzə idi. 29 il sonra Ağdamdan işıq gəlirdi. O işıq gələcəyimizin ümid işığı idi. Bura bizim nəslin Ağdamı olacaq. Böyüklərimizin xatirələri üstündə qurulan yeni Ağdam bizim xatirələrimizə Vətən olacaq.
Maşınımız tikintisinə yeni başlanılan möhtəşəm kompleksin yanından keçir. Üstü-başı toz içində olan fəhlənin səsi daşa-torpağa dəyib səmaya yüksəlir: Qarabağ Azərbaycandır!
Günel Musa
Foto: Mahir Hüseynbəyli
BakuPost

www.yenicag.az

413
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv