Vüqar İskəndərov: “Bu bəyanatı verənlər erməni lobbisinin təsiri altına düşən siyasətçilərdir”
“Bu bəyanatın müəllifləri erməni lobbisinin təsiri altına düşən siyasətçilərdir.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.
Deputat Belçikanın Azərbaycan haqqında çıxardığı bəyanatı sərt tənqid edərək bildirib:
“Belçika və Azərbaycanı həm Avropa İttifaqı (Aİ), həm də ikitərəfli əməkdaşlıq formatı birləşdirir. Bizim Belçika ilə enerji, diplomatik və siyasi sahələrdə münasibətlərimiz mövcuddur. Bu əlaqələr tam zirvədə olmasa da, zaman-zaman faydalı əməkdaşlığa çevrilməsi müşahidə olunur. Təəssüflər olsun ki, Aİ-nin bəzi üzvləri kimi, Belçika tərəfindən səsləndirilən fikirlər də ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir. Bu bəyanatlarla münasibətlərin tamamilə pozulduğunu demək düzgün olmazdı, lakin təbii ki, ikitərəfli əlaqələrə kifayət qədər ziyan vurur. Aİ-də erməni təəssübkeşliyi mövcuddur. Bu da Avropadakı erməni lobbisindən qaynaqlanır; bir çox Avropa parlamenti üzvü erməni lobbisi ilə sıx əməkdaşlıq edir, onların təsiri altına düşürlər. Bu isə Azərbaycanla münasibətlərdə gərginliyə səbəb olur”.
Deputat qeyd edib ki, sözügedən bəyanatın arxasında Ermənistanın Avropadakı bəzi diaspor və lobbi qrupları dayanır:
“Belçikada xristian təəssübkeşliyi aparan bəzi siyasətçilər var ki, onlar Azərbaycanın Avropa üçün faydasını görməzdən gələrək şəxsi maraqlarından çıxış edirlər. Digər tərəfdən, bəzi lobbi qrupları ermənipərəst siyasətçilərin təsiri ilə belə bəyanatlar səsləndirə bilirlər. Bu, qətiyyən arzuolunan deyil və müasir Azərbaycanın Avropa üçün ‘etibarlı tərəfdaş’ imicinə kölgə salmaq cəhdidir. Biz bənzər halları daha çox Niderland və bir neçə başqa ölkənin parlamentlərində görmüşük. Onlar Azərbaycanda həbs edilən, məhkəmələrimiz tərəfindən qanuni cəzalarını almış, azərbaycanlılara qarşı soyqırımı törədən erməni cəlladlarını müdafiə etməyə, onlardan ‘siyasi obraz’ yaratmağa çalışırlar.
Bu əməllər heç bir tərəfə fayda gətirmir. Belə bəyanatlar Azərbaycanın qalib obrazını, ölkəmizin həm region, həm də dünya üçün inkişaf etməkdə olan vacib tərəfdaşlıq nüfuzunu sarsıtmağa hesablanıb. Təəssüf ki, bir qrup siyasətçi bu cür qaraguruhun təsiri altında hərəkət edir. Lakin bu bəyanatlar heç bir nəticə verməyəcək. Azərbaycan inkişaf yolundadır və Aİ-yə üzv olan bir çox ölkə ilə mühüm əməkdaşlıqlar aparır. Düşünürük ki, gec-tez reallığı qəbul edəcək, Azərbaycanın gücünü dərk edəcək və qalib, tarix yazan Azərbaycanın yanında olmağa çalışacaqlar”.
Nurlan Cəfəri













